“Ermənistan ərazisinin 29 743 kvadrat kilometrinə hamıya məlum olan anklavlar daxil deyil”.
Modern.az xəbər verir ki, bunu sentyabrın 17-də Ermənistanın baş naziri Nikol Paşinyan beynəlxalq konfransda çıxış edərkən bildirib. Bununla yanaşı, Paşinyan Azərbaycanın Gədəbəy rayonundakı Başkənd yaşayış məntəqsinə iddia edərək, onu “Artsvaşen” adlı Ermənistan ərazisi adlandırıb.
O, hazırda işğal altında olan Azərbaycanın esklav kəndlərinin Ermənistan ərazisi olmadığını deyib.
“Tez-tez deyirlər ki, Ermənistan çox şey edir, Azərbaycan isə etmir. Bu baxımdan ən aşkar məsələ odur ki, Azərbaycanın dəmir yolu Ermənistan üçün hər iki istiqamətdə açıqdır. Bununla yanaşı, Ermənistanın dəmir yolu hazırda Azərbaycan tərəfindən istifadə olunmur. Buna görə də bu məntiqə əsasən, Azərbaycanın dəmir yolu Ermənistan üçün açıq olmamalı idi”, - deyə Paşinyan qeyd edib.
Hökumət başçısı beynəlxalq legitimlik komponentinin vacibliyini vurğulayıb. O bildirib ki, münasibətlər legitimdirsə, onların tərkibində təhdid komponenti olmur, əgər bu münasibətlərdə qeyri-legitimlik komponenti varsa, o zaman onlar təhdid ehtiva edir.
Baş nazir bir daha bildirib ki, ordu beynəlxalq səviyyədə tanınmış suveren sərhədi qorumaq məqsədilə fəaliyyət göstərir və inkişaf edir.
O hesab edib ki, bu məntiqdən çıxmaq Ermənistanın ciddi çətinliklərlə üzləşəcəyi və həssas vəziyyətə düşəcəyi anlamına gəlir, çünki digər tərəflərin hərəkətləri üçün legitimlik yaradılacaq.
“Bununla Kərki ilə bağlı söhbətlər əlaqəlidir. Biz deyirik ki, Almatı Bəyannaməsi delimitasiya və demarkasiya məsələsində əsas prinsipdir. Bu, Ermənistan ərazisinin Ermənistanın hələ 2018-ci ildən əvvəl tanıdığı Ermənistan SSR ərazisi ilə tam eyniliyini nəzərdə tutur. Ermənistan bunu ölkə ərazisinin 29 743 kvadrat kilometr göstərildiyi “Torpaq balansı haqqında” qanunu qəbul etməklə təsdiqləyib. Kərki yoxdur demək isə 29 743 kvadrat kilometr məntiqindən çıxmaq deməkdir”, - deyə baş nazir vurğulayıb.
O, Ermənistanın qlobal təchizat zəncirinə cəlb olunmasının çox vacib olduğunu bildirib ki, digər ölkələr Ermənistanda hər hansı hadisə baş verərsə, onların da zərər çəkəcəyini düşünsünlər.
Onun qiymətləndirməsinə görə, Ermənistan kommunikasiyaların blokadadan çıxarılması və TRIPP layihəsinin həyata keçirilməsi çərçivəsində belə qarşılıqlı əlaqəli olmaq üçün unikal imkan əldə edib.