Ermənistanın baş nazirinin maaşı təxminən 80 faiz artırılacaq. Bu, “Dövlət vəzifələrində çalışan şəxslərin əməyinin ödənilməsi haqqında” qanuna dəyişikliklər layihəsində nəzərdə tutulub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumətin təsdiqlədiyi qanun layihəsi parlamentə təqdim olunacaq.
Hazırda Ermənistan baş nazirinin maaşı 1 milyon 498 min dramdır. Bu məbləğ dövlət qulluqçularının əməkhaqqının baza məbləğinin 18 əmsalına vurulması ilə hesablanır.
Qanun layihəsinə əsasən, əmsal 18-dən 32-yə qaldırılacaq və baş nazirin maaşı 2 milyon 662 min drama, yəni təxminən 7,3 min dollara çatdırılacaq. Vergilər çıxıldıqdan sonra bu məbləğ təxminən 5 470 dollar olacaq.
Beləliklə, Ermənistan baş nazirinin maaşı prezidentin maaşı ilə eyniləşdiriləcək. Prezidentin maaşının hesablanmasında tətbiq olunan əmsalın da 20-dən 32-yə qaldırılması nəzərdə tutulur.
Nazirlərin maaşları isə iki dəfə artırılaraq 1 milyon 997 min drama çatdırılacaq. Bu məbləğ təxminən 5 470 dollardır, vergilər və digər ödənişlər çıxıldıqdan sonra isə 4 103 dollar təşkil edəcək.
Dövlət qulluqçularının iyerarxiyasının digər pillələri üzrə əməkhaqlarının da əhəmiyyətli dərəcədə artırılması təklif olunur.
Qanun layihəsini təqdim edən Ermənistanın baş nazirinin müavini Tiqran Xaçatryan bildirib ki, sənəd ötən il başlanan dövlət qulluqçularının əməyinin ödənilməsi islahatının davamıdır.
Ərazi idarəetmə naziri David Xudatyanın sözlərinə görə, hazırda orta hesabla 350 min dram, yəni 1 min dollardan bir qədər az maaş alan merlərin və bələdiyyə rəhbərlərinin əməkhaqları iki dəfə, bəzi hallarda isə üç dəfə artırılacaq.
Bələdiyyə işçilərinin maaşlarına ediləcək artımlar bələdiyyələrin deyil, respublika büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.
Baş nazirin müavini Tiqran Xaçatryan vurğulayıb ki, maaş artımı işin səmərəliliyi ilə əlaqələndiriləcək. Onun sözlərinə görə, işçi fəaliyyət planında nəzərdə tutulan nəticələri göstərmədiyi halda maaş artımı əldə edə bilməyəcək.
2027-ci ildən qüvvəyə minəcək maaş artımları üçün gələn ilin büdcəsində 25 milyard dram, yəni 68,5 milyon dollar vəsait ayrılması planlaşdırılır.