Ermənistan ordusunun Sisiandakı hərbi hissədə ölən hərbçisi ilə bağlı yeni məlumatlar yayılıb.
Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatında hərbçinin qumbara ilə özünü partlatdığı bildirilir. İlkin versiyaya görə, hadisə intihar olub.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü hərbi qulluqçunun ölümü barədə məlumatı təsdiqləyib və hadisənin səbəbi ilə bağlı tələsməməyə çağırıb.
Nazirliyin açıqlamasında deyilir:
“Sentyabrın 24-də hələlik müəyyən edilməyən şəraitdə baş verən partlayış nəticəsində müqaviləli hərbi qulluqçu D.K. həlak olub. Hadisənin bütün hallarının tam aydınlaşdırılması məqsədilə araşdırma aparılır”.
Hadisə Sisianın Tsğuk icmasındakı postda səhər tezdən baş verib. Bildirilir ki, hadisədən əvvəl hərbçi xidmət yoldaşı ilə mübahisə edib.
Nəşrin məlumatına görə, hərbçilər Tsğukdakı postlara Artaşatdakı hərbi hissədən aparılıb.