İranın xarici işlər naziri Abbas Araqçinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Nyu-Yorkda keçirdiyi görüşün ölkənin müvafiq dövlət qurumları, o cümlədən Ali Milli Təhlükəsizlik Şurası ilə razılaşdırılmadan baş tutduğu bildirilib.
Modern.az xəbər verir ki, bu barədə İranın “Tasnim” informasiya agentliyi məlumat yayıb.
Çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ və İran rəsmiləri arasında dolayı danışıqlar keçirilib. Danışıqlar zamanı iki nümayəndə heyəti arasında Qətər vasitəçiləri əlaqələndirici rol oynayıb. Məqsəd İranın münaqişənin dayandırılması üçün irəli sürdüyü yeddi şərti ABŞ tərəfinə çatdırmaq olub.
Lakin sonradan məlum olub ki, dolayı danışıqlardan əlavə, İranın xarici işlər naziri Araqçi Uitkoffla birbaşa da görüşüb. ABŞ nümayəndələri Araqçi ilə Uitkoffun çərşənbə axşamı şəxsi söhbət formatında görüşdüyünü bildiriblər.
“Böyük səhv” kimi qiymətləndirildi
İranda Araqçinin bu addımı kəskin tənqid olunub. “Tasnim”in məlumatında görüşün müvafiq dövlət qurumları ilə razılaşdırılmadığını iddia edib.
Agentlik Araqçi ilə Uitkoff arasındakı görüşü İranın milli maraqlarına zidd olan “böyük səhv” adlandırıb və nazirin “uşaqcasına və alçaqcasına” davrandığını yazıb.
“Tasnim”in mövqeyinə görə, Araqçi indi üzr istəməli və İranın şərtləri artıq vasitəçilər sayəsində ABŞ-a çatdırıldığı halda, nə üçün belə bir addım atdığını – birbaşa görüşdüyünü aidiyyəti qurumlara izah etməlidir.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rzai də görüşün məqsədəuyğunluğuna şübhə ilə yanaşıb və Araqçidən Uitkoffla görüşmək üçün ona kimin icazə verdiyini izah etməsini istəyib.
Deputat Araqçini müdafiə edib
Bununla belə, İran parlamentinin üzvü Müctəba Zarei xarici işlər nazirini müdafiə edib. O, öz məlumatlarına əsasən, Araqçinin Uitkoffla görüşmək üçün icazə aldığını bildirib.
“Danışıqlar olmayıb və yoxdur”, – deyə Zarei yazıb.
Onun sözlərinə görə, Əraqçi sadəcə İranın yeddi şərtini birbaşa Trampın nümayəndəsinin diqqətinə çatdırıb.