Hindistanın silah ixracı rekord həddə çatıb. Ölkənin ötən maliyyə ilində müdafiə məhsulları ixracının 3,56 milyard avroya yüksəldiyi, bunun əvvəlki maliyyə ili ilə müqayisədə təxminən 63 faiz artım olduğu bildirilir.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Hindistanın əsas silah bazarları sırasında ABŞ, Fransa, Maldiv adaları, Mavriki, Seyşel adaları ilə yanaşı Ermənistan da yer alır. Hindistan hökumətinin məlumatına görə, hazırda 145 ixracatçı şirkət 80-dən çox ölkəyə müdafiə məhsulları tədarük edir.
Bu prosesdə Ermənistan Hindistanın əsas müştərilərindən birinə çevrilib. Açıq mənbələrdə Hindistanla Ermənistan arasında bağlanmış silah müqavilələrinin ümumi dəyərinin təxminən 1,7 milyard avroya çatdığı bildirilir.
Ermənistan son illərdə Hindistandan müxtəlif hərbi sistemlər alıb. Bu sırada Pinaka yaylım atəşli reaktiv sistemləri, ATAGS artilleriya qurğuları, Akash hava hücumundan müdafiə sistemləri və Swathi silah aşkarlama radarları, eləcə də müxtəlif sursat və digər hərbi vasitələr yer alır.
Məlumata görə, Ermənistanla Hindistan arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində danışıqlar davam edir. Xüsusilə “Pralay” taktiki “yer-yer” raketi, “Astra” “hava-hava” raketi və Ermənistanın Su-30SM təyyarələrinin modernləşdirilməsi ilə bağlı mümkün razılaşmalar gündəmdədir.
Hindistanın Ermənistanla hərbi əməkdaşlığı son illərdə əhəmiyyətli dərəcədə genişlənib. 2026-cı ilin avqustunda iki ölkənin müdafiə sahəsində tədqiqat, inkişaf, innovasiya və birgə istehsal üzrə əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb.
Beləliklə, Ermənistan Hindistanın müdafiə sənayesi üçün mühüm xarici bazarlardan birinə çevrilib.
Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma prosrsi ilə paralel sürətlə silahlanması isə ciddi suallar doğurur.