Modern.az

Netanyahu: İsrail zalı tərk edən ölkələrin çoxunu da qoruyur

Netanyahu: İsrail zalı tərk edən ölkələrin çoxunu da qoruyur

Dünya

24 Sentyabr 2026, 23:42

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışında İran, Suriya, “Hizbullah”, HƏMAS, Böyük Britaniya və Fransa ilə bağlı bir sıra açıqlamalar verib.

Modern.az xəbər verir ki, Netanyahu çıxışı zamanı bəzi nümayəndə heyətlərinin zalı tərk etməsinə münasibət bildirib.

“İroniyanın ən yüksək həddini eşitmək istəyirsiniz? İsrail indicə nümayəndə heyətləri bu zalı tərk edən ölkələrin çoxunu da qoruyur. Hətta onların liderlərinin bir çoxu İranın nüvə proqramının məhv edilməsinə görə bizə qapalı söhbətlərdə təşəkkür edir”, – o deyib.

Netanyahu 14 il əvvəl BMT tribunasından İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bildirdiyini xatırladıb. Onun sözlərinə görə, İranın nüvə obyektlərinə zərbələr endirmək çətin olsa da, baş nazir kimi verdiyi “ən asan qərarlardan biri” olub.

İsrailin Baş naziri ABŞ ilə birlikdə İranın ordusuna, hərbi-dəniz və hərbi-hava qüvvələrinə, eləcə də nüvə obyektlərinə ciddi zərbə vurulduğunu bildirib.

Netanyahu Suriya rəhbərliyinə də müraciət edib. O, yəhudilərin Qolan yüksəkliklərində “Musa peyğəmbərin dövründən” yaşadığını deyərək bunun Bibliyada qeyd olunduğunu söyləyib.

Baş nazir Böyük Britaniya və Fransanın İsrailə qarşı “müstəmləkəçilik” ittihamlarını da tənqid edib. Netanyahu bu ölkələrin tarixən geniş müstəmləkələrə sahib olduğunu xatırladaraq İsrailə belə ittihamlar yönəltmələrini paradoksal adlandırıb.

Netanyahu həmçinin Uqandaya qardaşı Yonatan Netanyahunun həlak olduğu ərazidə onun heykəlinin qoyulmasına görə təşəkkür edib.

7 oktyabr hadisələrinə toxunan İsrail Baş naziri HƏMAS-ın hücumlarının ABŞ əhalisinin sayına uyğun hesablandıqda bir sutka ərzində 40 min amerikalının öldürülməsinə bərabər olduğunu iddia edib və bunu 11 sentyabr hücumlarının miqyası ilə müqayisə edib.

Netanyahu “Hizbullah”a qarşı həyata keçirilmiş peycer əməliyyatına da toxunaraq təşkilatın bundan sonra yenidən qüvvələrini toplamağa çalışdığını bildirib. O, İordan çayının qərb sahilində israillilərə qarşı hücumların davam etdiyini də iddia edib.

Netanyahu beynəlxalq medianı bu hadisələri kifayət qədər işıqlandırmamaqda, əvəzində israilli radikal gənclərin fələstinlilərə qarşı hərəkətlərinə daha çox diqqət ayırmaqda ittiham edib.

 

Sizə yeni x var
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?