Modern.az

İranla müharibəni uzatmaq qərarını özüm verdim - Tramp

İranla müharibəni uzatmaq qərarını özüm verdim - Tramp

Dünya

Bu gün, 17:42

ABŞ Prezidenti Donald Tramp İranla müharibəni davam etdirmək qərarını özü verdiyini deyib.

Modern.az xəbər verir ki, Tramp bunu “Time” jurnalına müsahibəsində bildirib.

ABŞ-ın İrana qarşı müharibəsinin əvvəlcə 4-8 həftə davam edəcəyinin bildirilməsinə baxmayaraq, prosesin niyə uzandığı barədə suala cavab verən Tramp deyib: “Mən dayana bilərdim, amma daha da irəli getmək istədim”.

Onun sözlərinə görə, İranın nüvə obyektlərinə ilk zərbələrdən sonra əməliyyatı davam etdirmək qərarına gəlib. Tramp bildirib ki, məqsədi İranın gələcəkdə öz imkanlarını bərpa etməsinə imkan verməmək olub.

ABŞ Prezidenti iddia edib ki, ölkəsi İranın nüvə imkanlarını, hərbi-dəniz və hərbi-hava qüvvələrini, eləcə də radar sistemlərini məhv edib. O, həmçinin İran iqtisadiyyatının ağır vəziyyətdə olduğunu bildirib.

Tramp qeyd edib ki, məqsədi sadəcə döyüşləri dayandırmaq deyil, “əsl razılaşma” əldə etməkdir. Onun sözlərinə görə, məhz buna görə ABŞ İranın atəşkəs və Hörmüz boğazının açılması ilə bağlı son təklifini qəbul etməyib. Tramp bu təklifi yetərli hesab etmədiyini bildirib.

ABŞ Prezidenti yaxın vaxtlarda İranı “məhv edə biləcəyi” barədə səsləndirdiyi fikrə də münasibət bildirib və “Bəli, bunu edərdim. Bu mümkündür” deyib.

Trampdan söhbətin İran İslam Respublikası hökumətindən, yoxsa bütün İrandan getdiyini dəqiqləşdirməsi istənildikdə, o, birbaşa cavab verməyib. ABŞ Prezidenti İran hakimiyyətinin son aylarda etirazçılardan on minlərlə insanı öldürdüyünü iddia edib.

Tramp ABŞ-da aralıq seçkilərindən sonra İrana qarşı bombardmanların gücləndirilməsi ehtimalını da istisna etməyib. Bu variantın nəzərdən keçirilib-keçirilmədiyi barədə suala “Mümkündür” cavabını verib.

O bildirib ki, ABŞ-ın böyük silah ehtiyatları var və ölkə son altı ay ərzində onların sayını fəal şəkildə artırıb.

“Bizim çoxlu silahımız var. Son altı ay ərzində ehtiyat toplayırıq”, - deyə Tramp bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...