Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbasda nəzarətində qalan əraziləri bir müddət də əlində saxlamaq istəyini mənasız adlandırıb. Onun iddiasına görə, Donbasın 10 faizi hazırda Kiyevin nəzarətindədir.
Modern.az xəbər verir ki, Putin Moskvanın Ukraynada silahlı münaqişəni davam etdirmək istəmədiyini deyib və növbəti addımın Kiyevdən asılı olduğunu bildirib.
Rusiya prezidenti Kiyev nümayəndələri ilə dialoqa hazır olduqlarını qeyd edib. O, Ukraynada hakimiyyətin “dövlət çevrilişi nəticəsində” dəyişdiyini də iddia edib.
Putinin sözlərinə görə, Moskva Ukraynanın təhlükəsizliyinin ümumavropa təhlükəsizlik sisteminə daxil edilməsi ilə bağlı ABŞ-ın təklifinə razılıq verib.
Putin Vaşinqtonun Moskvanı Avropa ilə münasibətləri düzəltməyə çağırdığını bildirib və bu münasibətləri Rusiyanın pozmadığını deyib. O əlavə edib ki, Moskva avropalı nümayəndələri Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqelərini və üçtərəfli danışıqlara hansı təkliflərlə gəlmək istədiklərini öyrənmək üçün dəvət edib.