Ermənistan hökuməti Azərbaycanla sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması, eləcə də Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində yeni hədəflər müəyyənləşdirib.
Modern.az xəbər verir ki, Ermənistan Nazirlər Kabineti noyabrın 19-da keçirilən iclasında 2026-2031-ci illər üçün hökumətin fəaliyyət planını təsdiqləyib.
Plan Ermənistanın daxili və xarici siyasətinin əsas məqsədlərini, vəzifələrini və onların həyata keçirilməsi mexanizmlərini əhatə edir. Sənəd “Real Ermənistan” ideologiyasına və 2026-2031-ci illər üçün hökumət proqramına əsaslanır.
733 tədbiri özündə birləşdirən plan altı əsas istiqaməti əhatə edir. Onların sırasında Azərbaycanla sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması, “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi, Ermənistan vətəndaşları üçün Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması, bu qurumla münasibətlərin dərinləşdirilməsi və gələcəkdə üzvlük perspektivinin nəzərdən keçirilməsi yer alır.
Bundan başqa, Türkiyə ilə sərhədlərin tam açılması və münasibətlərin normallaşdırılması da hökumətin əsas hədəfləri sırasındadır.
Hökumət 2031-ci ilədək yoxsulluq səviyyəsini 5 faiz bəndi azaltmağı və ölkə əhalisinin hamısını icbari tibbi sığorta sisteminə cəlb etməyi qarşıya məqsəd qoyub.