Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qax rayonu, Suskənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Modern.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatala Rayon Yanğından Mühafizə Hissəsinin yanğısöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "BMW" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1985-ci il təvəllüdlü İsmayılova İradə Nürədin qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.