Modern.az

Ayxan Abbasov Elvin Cəfərquliyev barədə danışdı

Ayxan Abbasov Elvin Cəfərquliyev barədə danışdı

İdman

Bu gün, 22:46

"Millətlər Liqası başlamazdan əvvəl keçirilən son təlim-məşq toplanışında futbolçuların yüksək motivasiya və istək nümayiş etdirməsi sevindirici haldır. Ağır mövsümün başa çatmasından sonra komandanın bu cür əhvali-ruhiyyədə olması gələcək oyunlar üçün ümid verir".

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Malta və San-Marino ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.

O bildirib ki, komanda Malta və San-Marino ilə keçiriləcək yoldaşlıq görüşlərində həm yaxşı oyun, həm də müsbət nəticə göstərməyi qarşısına məqsəd qoyub: "Çempionatın ağır mövsümündən sonra futbolçuların bu qədər istəkli və motivasiyalı olması bizi sevindirir. Malta və San-Marino ilə iki yoldaşlıq görüşümüz var. Bu oyunlarda bütün futbolçuları iş başında görmək istəyirik. Həm yaxşı oyun, həm də yaxşı nəticə arzulayırıq".

Baş məşqçi Bakı və Avstriyadakı məşqlərin komandada müsbət təəssürat yaratdığını qeyd edib: "Futbolçularımızın istəyi bizə əlavə inam verir. Hamı başa düşür ki, yoldaşlıq görüşü olsa belə, hər iki oyunda qalib gəlmək istəyəcəyik. Eyni zamanda, bu qarşılaşmalar bütün futbolçulara şans vermək və müəyyən dəyişikliklər etmək baxımından da vacibdir".

Rəqib seçimindən danışan Ayxan Abbasov bildirib ki, ilkin plan hər iki oyunu Avstriya və ətraf bölgələrdə keçirmək olub. Onun sözlərinə görə, bəzi komandaların təklifləri qəbul etməməsi səbəbindən Malta və San-Marino ilə oyunların keçirilməsi qərara alınıb.

O qeyd edib ki, Millətlər Liqasındakı rəqiblər - Litva və Lixtenşteyn də nəzərə alınıb: "Malta son illərdə inkişaf edən komandalardan biridir. Slovakiya ilə son yoldaşlıq görüşündə də bunu göstərdilər. Bu oyunlarda həm rəqiblərimizi nəzərə alaraq hazırlaşacaq, həm də öz gücümüzü sınayacağıq".

Ayxan Abbasov Malta ilə əvvəlki görüşlərdə arzuolunan nəticələrin əldə edilmədiyini xatırladıb. Baş məşqçi rəqibi Azərbaycan millisi üçün "tərs komanda" adlandırsa da, sabahkı oyunda qələbə qazanmağa çalışacaqlarını deyib.

Yoldaşlıq görüşlərində nəticənin əhəmiyyəti barədə suala cavab verən baş məşqçi bildirib ki, bu cür oyunlarda rotasiya və eksperimentlər üçün daha geniş imkan yaranır. Bununla yanaşı, o, qələbənin hər zaman vacib olduğunu vurğulayıb: "Futbol elə oyundur ki, harada oynamağından asılı olmayaraq, qalib gəlmək istəyirsən. Biz də həm nəticə, həm də oyun baxımından inkişaf etməyə çalışırıq".

Ayxan Abbasov əlavə edib ki, San-Marino ilə görüşdə tamamilə fərqli heyətə şans verilməsi planlaşdırılır.

Elvin Cəfərquliyevin durumu ilə bağlı danışan baş məşqçi futbolçu ilə söhbət etdiklərini bildirib. O, Elvinin motivasiyalı olduğunu və gələcək karyerası ilə bağlı düzgün qərar verəcəyinə inandığını söyləyib. Abbasovun fikrincə, milli komandanın üzvü yaxın vaxtlarda yeni klub tapacaq və Millətlər Liqasına qədər oyun praktikası problemi yaşamayacaq. Baş məşqçi Elvin Cəfərquliyevin Azərbaycan futbolu üçün vacib oyunçulardan biri olduğunu da vurğulayıb.

Qeyd edək ki, yığma Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San-Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək. Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda təşkil olunacaq hər iki görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Sizə yeni x var
Keçid et
Ukrayna KÜTLƏVİ HÜCUMA başladı - Rusiyada bu yerlər vurulur!