Hörmüz boğazı ətrafında baş verən hadisələr və müşahidə olunan proseslər neftin dünya bazarındakı qiymətinə təsir göstərir. Hazırda biz neft bazarında volatillik müşahidə edirik. Qiymətlərdə əksər hallarda artımlar qeydə alınır, bəzi hallarda isə azalmalarla özünü göstərir. Bununla belə, Hörmüz boğazından istifadə ilə bağlı investorlar arasında tam əminliyin olmaması bazara təsir edən əsas amillərdəndir.
Bu fikirləri Modern.az-a açıqlamasında Hörmüz boğazı ətrafında yaranan gərginliklərin Azərbaycana, eləcə də ümumi iqtisadi göstəricilərə təsirini şərh edərkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputatın fikrincə, bazarda ümumilikdə hələlik ciddi azalmalar müşahidə olunmur və belə bir gözlənti də hələlik formalaşmayıb:
“Hörmüz boğazı ilə bağlı tərəddüdlər qalmaqdadır və bu da təbii olaraq neft bazarına təsir göstərir. Əsas risklərdən biri məhz neft qiymətlərindəki volatillikdir. Biz hazırda neftin qiymətinin dalğalanan xarakter daşıdığını müşahidə edirik. Hörmüz boğazının bağlı qalması halında isə neftin qiymətində daha kəskin artımlarda baş verə bilər.
Belə ki, dünya neftinin təxminən 20 faizi, dəniz yolu ilə daşınan neftin isə 25 faizi məhz bu boğaz üzərindən daşınır. Bu kifayət qədər ciddi göstəricidir və bazara birbaşa təsir edən faktorlardan biridir. Ona görə də boğazın qismən və ya tam bağlanması halında neftin dünya bazar qiymətində yenidən artımlar müşahidə edilə bilər və qismən təsirlər də qaçılmazdır”.
O həmçinin vurğulayıb ki, hazırkı vəziyyət neftin dünya bazar qiymətində volatilliyin davam etdiyini göstərir:
“Xüsusilə qeyri-müəyyənlik bu dalğalanmanı daha da gücləndirir. Neft qiymətlərindəki dəyişkənlik birbaşa olaraq Hörmüz boğazı ilə bağlı tərəddüdlərlə əlaqəlidir. Proqnozlar da məhz bu boğazın istifadəsi ilə bağlı ssenarilərdən asılıdır. Əgər Hörmüz boğazı qismən və ya tam bağlanarsa, yaxud istifadə imkanları məhdudlaşarsa, bu, neftin dünya bazar qiymətində artımlarla müşahidə olunacaq”.
V.Bayramov onu da əlavə edib ki, Azərbaycan isə neft bazarında daha çox stabil qiymətlərdə maraqlıdır:
“Bununla yanaşı, yüksək qiymətlər ölkəyə daha çox valyutanın daxil olması deməkdir və bu da neft satışından əldə olunan gəlirlərin artmasına gətirib çıxarır. Lakin bəzi hallarda kəskin qiymət artımları sonrakı mərhələdə kəskin enişlərlə müşahidə olunduğu üçün sabit qiymət tarazlığı Azərbaycanın iqtisadi maraqları baxımından daha məqsədəuyğun hesab olunur”, - deyə deputat qeyd edib.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Hörmüz boğazı atəşkəs çərçivəsində qismən açılıb və ticarət gəmilərinin keçidinə icazə verilib. Lakin növbəti gün İran İslam İnqilabı Keşikçiləri Korpusu yenidən boğazı bağladığını açıqlayıb.