Son illər Azərbaycan və Qırğızıstan arasında siyasi və iqtisadi münasibətlərdə müşahidə olunan fəallaşma ticarət əlaqələrinə də müsbət təsir göstərir. Rəsmi statistika göstərir ki, 2026-cı ilin ilk 6 ayında iki ölkə arasında ticarət dövriyyəsində Azərbaycanın ixracı idxalı əhəmiyyətli dərəcədə üstələyib. Bu göstərici mövcud iqtisadi əməkdaşlığın dinamikasını əks etdirməklə yanaşı, qarşılıqlı ticarətin gələcək inkişaf perspektivləri ilə bağlı da müzakirələri aktuallaşdırır. Eyni zamanda, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri fonunda iqtisadi və ticarət əlaqələrinin yeni mərhələyə keçəcəyi ilə bağlı gözləntilər də artıb.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, son illər Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsində ciddi artım müşahidə olunur.
Onun sözlərinə görə, son beş ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 13 dəfə artıb:
“2025-ci ildə Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 93 faiz artaraq 40 milyon dollardan 77,2 milyon dollara yüksəlib. Təbii ki, bu artım 2026-cı ilin ilk aylarında da özünü göstərir. Sözsüz ki, ilin sonunda daha fərqli rəqəmlərin şahidi olacağıq”.
Deputat qeyd edib ki, iki ölkə arasında müxtəlif məhsullar üzrə ticarət əməliyyatlarının həyata keçirilməsi iqtisadi əlaqələrin şaxələndiyini göstərir:

“Azərbaycan və Qırğızıstan arasında çox fərqli məhsullar üzrə ticarət əməliyyatları həyata keçirilir. Bu isə ölkələr arasındakı ticarət dövriyyəsinin şaxələnməsindən xəbər verir. Burada söhbət yalnız enerji məhsullarından getmir. Eyni zamanda, bir sıra qeyri-enerji məhsulları da sahibkarlar tərəfindən idxal və ixrac olunur”.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki ölkə arasında strateji münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək:
“Cənab Prezidentin dövlət səfəri ölkələr arasında strateji münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək. Gözlənilir ki, bu səfər həm birgə sərmayə qoyuluşlarının artmasına, həm də növbəti illərdə ticarət dövriyyəsinin daha da genişlənməsinə müsbət təsir göstərəcək”.
V.Bayramov bildirib ki, Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur:
“Qırğızıstandan qida məhsullarının idxalı imkanları var. Eyni zamanda, Azərbaycanın bir sıra kənd təsərrüfatı məhsullarının Qırğızıstana ixracı mümkündür. Azərbaycan sənaye və kimya sənayesi məhsullarını Qırğızıstan bazarına daha böyük həcmdə çıxara bilər. Neft sektorunda emal olunan məhsulların da Qırğızıstan bazarına ixracı üçün geniş imkanlar mövcuddur”.
Deputat həmçinin vurğulayıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər iqtisadi əlaqələrin inkişafına əlavə təkan verəcək:
“Yüksək səviyyəli qarşılıqlı səfərlər ticarət dövriyyəsinin artmasına imkan yaradacaq. Bununla yanaşı, əməkdaşlıq yalnız ticarətlə məhdudlaşmır. Birgə layihələrin həyata keçirilməsi, humanitar layihələrin icrası, eləcə də nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları kifayət qədər genişdir”.
V.Bayramov onu da əlavə edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində yaradılan sərmayə fondları da iqtisadi əməkdaşlığın inkişafına töhfə verəcək:
“Türk Dövlətləri Təşkilatı çərçivəsində sərmayə fondlarının yaradılması müxtəlif sektorlarda investisiya qoyuluşlarının həyata keçirilməsinə imkan verəcək. Bu baxımdan potensial kifayət qədər böyükdür və Cənab Prezidentin dövlət səfəri həmin potensialdan daha səmərəli istifadə olunmasına dəstək olacaq”.
Məlumat üçün qeyd edək ki, 2026-cı ilin ilk 6 ayında Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsində ixrac idxalı üstələyib. Belə ki, cari dövr ərzində Azərbaycandan Qırğızıstana 25 milyon 572,84 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu, ölkənin ümumi ixracının 0,16 faizini təşkil edib. Eyni dövrdə Qırğızıstandan Azərbaycana idxalın həcmi isə 3 milyon 401,95 min ABŞ dolları olub. Bu göstərici isə ümumi idxalın 0,04 faizinə bərabərdir.