ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsi ilə bağlı qərarları qlobal valyuta bazarında, xüsusilə dolların məzənnəsində dəyişikliklər baxımından diqqətlə izlənilir. FED-in faiz siyasətinin dolların möhkəmlənməsinə, inkişaf etməkdə olan ölkələrin valyutalarına və xarici borclanma xərclərinə təsiri ilə bağlı müxtəlif müzakirələr aparılır. Bu fonda FED-in faiz artımının Azərbaycan manatının məzənnəsinə mümkün təsirləri də gündəmə gəlir.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, FED-in uçot dərəcəsini artırması, bir qayda olaraq, dolların qlobal miqyasda möhkəmlənməsinə şərait yaradır, lakin bu, manatın məzənnəsinə birbaşa və avtomatik təsir göstərmir:
“FED-in uçot dərəcəsini artırması, bir qayda olaraq, dolların qlobal miqyasda möhkəmlənməsinə şərait yaradır. Lakin bu, manatın məzənnəsinə birbaşa və avtomatik təsir göstərmir. Manatın məzənnəsinin formalaşmasında Azərbaycanın valyuta bazarında tələb-təklif, neft və qaz gəlirləri, xarici ticarət balansı və Mərkəzi Bankın siyasəti kimi daxili amillər daha böyük rol oynayır. ABŞ-da faizlərin yüksəlməsi dollarla ifadə olunan aktivlərin, xüsusilə istiqraz və depozitlərin gəlirliliyini artıraraq kapitalın dollara yönəlməsini təşviq edə bilər. Digər tərəfdən, dollarla cəlb edilmiş, xüsusilə üzən faizli xarici borcların xidmət xərcləri yüksələ bilər".
A.Badamov vurğulayıb ki, dolların qlobal möhkəmlənməsi inkişaf etməkdə olan ölkələr üçün idxal inflyasiyası və xarici borclanma xərclərinin artması kimi əlavə risklər də yaradır:
"Azərbaycan üçün isə bu təsirlərin miqyası əsasən neft-qaz gəlirlərindən, xarici ticarət göstəricilərindən və valyuta bazarında sabitliyin qorunmasından asılı olacaq. Bu səbəbdən FED-in faiz artımını avtomatik olaraq manatın ucuzlaşacağı kimi qiymətləndirmək düzgün olmaz. Manatın məzənnəsində dəyişiklik üçün əsas göstəricilər Azərbaycanın valyuta bazarındakı real tələb-təklif və ölkənin xarici valyuta gəlirləridir. Ümumilikdə isə qlobal valyuta bazarında dolların kəskin deyil, daha sabit məzənnədə olması həm dünya iqtisadiyyatı, həm də Azərbaycan kimi açıq iqtisadiyyatlar üçün daha əlverişli mühit yaradır”.