Azərbaycanda əsas kapitala investisiyaların 2027-ci ildə 2,4 faiz artacağı proqnozlaşdırılır. Ölkə iqtisadiyyatına yönələn xarici və daxili investisiyaların həcminin artması isə yalnız makroiqtisadi göstəricilərə deyil, vətəndaşların gündəlik həyatına da təsir edə bilər.
Mövzu ilə bağlı iqtisad elmləri doktoru Mübariz Bağırov Modern.az-a açıqlama verib:
“İnvestisiyanın artması avtomatik olaraq məşğulluğun eyni sürətlə artması demək deyil. Əsas məsələ investisiyanın əmək tutumlu, yerli iqtisadiyyatla əlaqəsi güclü və yeni istehsal gücləri yaradan sahələrə yönəldilməsidir. Yeni zavod, logistika mərkəzi, turizm obyekti və ya aqroemal müəssisəsinə yatırılan vəsait həm birbaşa, həm də dolayı iş yerləri yarada bilər”.
Mübariz Bağırov bildirib ki, kapital tutumlu sahələrə və avtomatlaşdırmaya yönələn investisiyalar böyük həcmdə olsa da, məhdud sayda iş yeri yarada bilər. Buna görə investisiyanın məşğulluğa təsirini artırmaq üçün yerli işçi qüvvəsindən və təchizatçılardan istifadə, KOB-ların layihələrə cəlb edilməsi və əlavə istehsal imkanlarının yaradılması önəmlidir.
Onun sözlərinə görə, Azərbaycanda qeyri-neft emal sənayesi, kənd təsərrüfatı və aqrobiznes, turizm, tikinti və infrastruktur, nəqliyyat-logistika və İKT investisiyanın daha geniş multiplikativ təsir göstərə biləcəyi sahələrdir. Emal sənayesinə qoyulan investisiya kənd təsərrüfatı, nəqliyyat, qablaşdırma, anbar və pərakəndə satış kimi sahələrdə də əlavə tələb formalaşdırır.
“İnvestisiyanın artması real əməkhaqqını avtomatik artırmır. Bunun üçün investisiyaların əmək məhsuldarlığını yüksəltməsi, yeni və daha yüksək ixtisas tələb edən iş yerləri yaratması və əmək bazarında tələbi artırması lazımdır. Belə olduqda müəssisələrin daha yüksək əməkhaqqı ödəmək imkanları genişlənə bilər. Yəni əsas göstərici investisiyanın həcmi deyil, onun istehsala, məşğulluğa və məhsuldarlığa təsiridir”, - Mübariz Bağırov bildirib.
Nicat Rüstəm