Modern.az

Orta Dəhlizlə ticarət axını 3 dəfə arta bilər - Nazir

Orta Dəhlizlə ticarət axını 3 dəfə arta bilər - Nazir

İqtisadiyyat

Bu gün, 10:55

Ölkədə aşağı inflyasiya, nisbətən aşağı dövlət borcu və maliyyə ehtiyatları sabit iqtisadi bünövrə yaradıb.
Modern.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.


M.Cabbarov qeyd edib ki, sazişlərin icrasını sürətləndirmək üçün Baş nazirin müavininin sədrliyi ilə xüsusi komissiya fəaliyyət göstərir və strateji investisiya layihələrində yaranan operativ məsələlər dərhal həll olunur.
Coğrafi baxımdan dənizə çıxışı olmayan Azərbaycanın artıq beynəlxalq nəqliyyat habına çevrildiyini vurğulayan nazir, Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər yük donanmasının Orta Dəhlizin ana elementləri olduğunu xatırladıb:
"Dünya Bankının qiymətləndirməsinə görə, düzgün investisiyalarla 2030-cu ilə qədər Orta Dəhliz boyunca ticarət axınlarını 3 dəfə artırmaq, tranzit vaxtını isə yarıbayarı azaltmaq mümkündür. İnfrastruktur tikintisi başa çatıb, indi əsas məqsəd xidmət keyfiyyətini, rəqəmsallaşmanı artırmaq və marşrutu xərc-vaxt baxımından daha rəqabətçil etməkdir".


M.Cabbarov regionda bərqərar olan sülhün Mərkəzi Asiya və Cənubi Qafqazın iqtisadi kapitallaşmasını artırdığını və yeni investisiya imkanları açdığını diqqətə çatdırıb.
O, qeyri-neft sektorunun dinamikasına dair statistikanı da açıqlayıb:
“2021–2025-ci illərdə qeyri-neft-qaz sektorunda real artım ildə orta hesabla 6% olub. Qeyri-neft sənayesi 50% böyüyüb. Qeyri-neft-qaz ixracı iki dəfəyə yaxın artıb. 2025-ci ildə qeyri-neft-qaz sektorunun ÜDM-dəki payı 71%-ə çatıb, 2030-cu ildə 82% nəzərdə tutulur”.


M.Cabbarov modern dəhlizlərin 5 ana axını özündə birləşdirdiyini deyib: mallar və xidmətlər, enerji, data, kapital və insanlar:
“Transxəzər fiber-optik kabel layihəsi ilə rəqəmsal qovşaq yaradılır, eyni zamanda Mərkəzi Asiyadan və Xəzər-Qara dəniz marşrutu ilə Avropaya yaşıl enerji koridorları çəkilir. Xaricdə təhsil üzrə Dövlət Proqramı sayəsində minlərlə yüksək ixtisaslı kadr yetişir. İT və data mütəxəssislərinin cəlb edilməsi üçün yüksək ixtisaslı miqrantlarla bağlı xüsusi qanunvericilik paketi parlamentdə müzakirə edilir”.


Sonda M.Cabbarov xarici investorları azad edilmiş ərazilərdə dağ-mədən, metallurgiya, neft-kimya, kənd təsərrüfatı və bərpa olunan enerji sahələrində tərəfdaşlığa dəvət edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı