Modern.az

Zaqatalanın unudulan irsi: Çüdüllü Binə məbədi baxımsızlıq içindədir - FOTO

Zaqatalanın unudulan irsi: Çüdüllü Binə məbədi baxımsızlıq içindədir - FOTO

Mədəniyyət

Bu gün, 12:42

Zaqatala rayonunun dağətəyi hissəsində, meşənin içində yerləşən Çüdüllü Binə məbədi bölgənin qədim tarixini və zəngin Alban irsini yaşadan maraqlı abidələrdən hesab olunur. Eyniadlı kənd ərazisində yerləşən bu qədim tikili əsrlərin sınağından keçərək bu günə qədər gəlib çatsa da, hazırda yarıuçuq və baxımsız vəziyyətdədir.

Tarixi mənbələr və yerli sakinlərin söylədiklərinə görə, məbəd qədim Qafqaz Albaniyası dövrünün dini-mədəni izlərini daşıyır. Qırmızı kərpic memarlıq elemeni ilə seçilən tikili uzun illər ərzində təbiət hadisələrinin, laqeydliyin və insan müdaxilələrinin təsiri altında ciddi zədələnib.

Məbədin divarlarında müxtəlif dövrlərdə xəzinə axtaran şəxslər tərəfindən açılmış oyuqlar bu tarixi abidəyə vurulan ziyanın miqyasını açıq şəkildə göstərir. Vaxtilə müqəddəs məkan olan tikili bu gün demək olar ki, yalnız tavan hissəsində məskunlaşan yarasaların sığınacağına çevrilib.

Ən acınacaqlı məqamlardan biri isə abidə ilə bağlı məlumat lövhəsinin belə yararsız vəziyyətə düşməsidir. Üzərində “Kilsə qalıqları, orta əsrlər inventarı, dövlət tərəfindən qorunur” sözləri yazılmış lövhə həm fiziki, həm də estetik baxımdan istifadəyə yararsız hala gəlib. Bu isə dövlət qeydiyyatında olan tarixi abidəyə diqqətin yetərli səviyyədə olmadığını göstərir.

Əslində problem təkcə Çüdüllü Binə məbədi ilə məhdudlaşmır. Azərbaycanın müxtəlif regionlarında, xüsusilə dağ kəndlərində yerləşən çoxsaylı Alban məbədləri və qədim kilsələr illərdir baxımsız vəziyyətdə qalır. Yol infrastrukturu, maliyyə çatışmazlığı, mühafizə sisteminin zəifliyi və bəzi abidələrin turizm marşrutlarından kənarda qalması onların sürətlə dağılmasına səbəb olur.

Mütəxəssislər hesab edirlər ki, bu cür abidələrin qorunması yalnız tarixi irsin qorunub saxlanılması deyil, həm də bölgə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Çünki belə məkanlar həm yerli, həm də xarici turistlər üçün böyük maraq doğura bilər.

Hazırda məbədin təcili konservasiya və restavrasiya işlərinə ehtiyacı var. Əks halda yaxın illərdə tikilinin bəzi hissələrinin tamamilə dağılması riski artır. Aidiyyəti qurumların — Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və digər məsul strukturların operativ addımlar ataraq bu tarixi irsin qorunması istiqamətində tədbirlər görməsi vacibdir. Əks halda bu abidə tamamilə məhv olaraq tarixin yaddaşına köçəcək.

Elnur Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?