Modern.az

TDT-yə üzv ölkələrin vətəndaşları muzeylərə yerli tariflə daxil olsun - TƏKLİF

TDT-yə üzv ölkələrin vətəndaşları muzeylərə yerli tariflə daxil olsun - TƏKLİF

Mədəniyyət

Bu gün, 08:15

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vətəndaşları üçün bir sıra yeni qərarların verilməsi gözlənilir. Bunlardan biri, ümumvətəndaş pasportu olmadan yalnız şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş məsələsidir. Bununla yanaşı, cəmiyyətlərin mədəni sahədə inteqrasiyası da olduqca vacib nüanslardandır. Bu baxımdan TDT-yə üzv ölkələrin vətəndaşlarının səyahətlər zamanı qarşılıqlı şəkildə muzeylərə yerli tariflərlə daxil olması Türk dünyasında mədəni inteqrasiyanın dərinləşdirilməsi baxımından müzakirə oluna bilər. Belə bir mexanizmin həm ortaq tarixi-mədəni irsə çıxışı asanlaşdıra, həm də insanlar arasındakı əlaqələri gücləndirmədə öz töhfəsini verə bilər.

Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova bildirib ki, TDT ölkələri vətəndaşlarının muzeylərə yerli vətəndaşlarla eyni qiymətə daxil olması maraqlı və perspektivli təşəbbüsdür:

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşları üçün qarşılıqlı şəkildə muzeylərə yerli vətəndaşlarla eyni qiymətə giriş imkanının yaradılması kifayət qədər maraqlı və perspektivli təşəbbüsdür. İlk baxışda bu, turizm və muzey xidmətləri ilə bağlı texniki məsələ kimi görünə bilər. Əslində isə bunun arxasında ortaq tarixi yaddaşın, mədəni irsin və mənəvi bağlılığın vahid mədəni məkan daxilində möhkəmləndirilməsi dayanır. Türk dünyasını birləşdirən amillər yalnız ortaq dil, tarix və etnik köklərlə məhdudlaşmır. Əsrlər boyu formalaşmış dövlətçilik ənənələri, ədəbiyyat, incəsənət, memarlıq, musiqi və mənəvi dəyərlər də bu bağlılığın əsasını təşkil edir. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün insanların onunla birbaşa təmasda olması, onu görməsi və tanıması vacibdir. Muzeylər məhz bu baxımdan mühüm rol oynayır. Onlar yalnız keçmişin eksponatların nümayiş etdirildiyi məkanlar deyil, xalqların öz tarixini tanıdığı və bir-birinin mədəni irsini kəşf etdiyi canlı mədəniyyət ocaqlarıdır”.

E.Akimova qeyd edib ki, TDT ölkələri arasında yerli tariflərin qarşılıqlı tətbiqi və vahid muzey kartının yaradılması bu istiqamətdə mühüm nəticələr verə bilər:

“Azərbaycan vətəndaşı Türkiyədə, Qazaxıstanda, Özbəkistanda və ya Qırğızıstanda muzeyə daxil olarkən həmin ölkənin vətəndaşları üçün müəyyənləşdirilmiş tarifdən yararlana bilsə, bu, qarşılıqlı münasibətlər baxımından həm simvolik, həm də real məzmun daşıyan addım olar. Eyni prinsip həmin ölkələrin vətəndaşlarına Azərbaycanda da tətbiq edilə bilər. Bu ideyanın TDT çərçivəsində institusional əsasları da formalaşmaqdadır. Təşkilatın turizm əməkdaşlığı istiqamətində Birgə Muzey Kartı layihəsi nəzərdə tutulub. Növbəti mərhələdə bu layihənin əhatə dairəsini genişləndirərək yerli tariflərin qarşılıqlı tanınması prinsipini də sistemə daxil etmək mümkündür”.

Deputat bildirib ki, təşəbbüsün reallaşdırılması üçün üzv dövlətlərin aidiyyəti qurumları arasında razılaşmalar əldə oluna, elektron muzey kartı və vətəndaşlığın rəqəmsal təsdiqi kimi mexanizmlər tətbiq edilə bilər.

Onun sözlərinə görə, belə bir sistem turizm əlaqələrinin genişlənməsinə və mədəni obyektlərə marağın artmasına da səbəb ola bilər:

“Azərbaycan bu istiqamətdə təşəbbüskar mövqe nümayiş etdirə bilər. Ölkəmizin zəngin muzey şəbəkəsi və çoxqatlı tarixi-mədəni irsi var. Bu irsin Türk dünyasının vətəndaşları üçün daha əlçatan olması həm Azərbaycanın mədəniyyətinin tanıdılması, həm də ortaq tariximizin təbliği baxımından əhəmiyyətlidir. Düşünürəm ki, məsələni TÜRKPA səviyyəsində də müzakirəyə çıxarmaq olar. Eyni zamanda TÜRKSOY-un, Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının bu prosesə cəlb edilməsi təşəbbüsün daha geniş mədəni inteqrasiya proqramına çevrilməsinə kömək edə bilər”.

E.Akimova vurğulayıb ki, Türk dünyasının inteqrasiyası yalnız iqtisadi, siyasi və nəqliyyat layihələri ilə məhdudlaşmamalıdır:

“Dövlətlər arasında qurulan əlaqələrlə yanaşı, xalqların bir-birinin mədəniyyətinə və tarixinə yaxınlaşması da vacibdir. Əgər Azərbaycan vətəndaşı Özbəkistanda, qazaxıstanlı Türkiyədə, qırğızıstanlı Azərbaycanda muzeyə daxil olarkən özünü yad ölkənin xarici qonağı kimi deyil, ortaq mədəni dünyanın bir parçası kimi hiss edərsə, bu, inteqrasiyanın gündəlik həyat səviyyəsinə keçməsi deməkdir. Biz ortaq tariximizlə fəxr etməklə kifayətlənməməli, həmin tarixi bir-birimiz üçün daha əlçatan etməliyik. Muzeylərə qarşılıqlı güzəştli giriş də bu istiqamətdə kiçik görünən, lakin böyük ictimai və mənəvi nəticələr yarada biləcək addımlardan biridir”.

Beynəlxalq “Alaş” ədəbiyyat mükafatı laureatı, publisist, şair Əkbər Qoşalı isə söyləyib ki, TDT-yə üzv ölkələrin vətəndaşlarının qarşılıqlı olaraq muzeylərə yerli tariflə daxil olması həm mümkün, həm də zamanın tələb etdiyi addımdır:

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşlarının bir-birinin muzeylərinə yerli vətəndaşlar üçün müəyyən edilmiş tariflə daxil olması, məncə, həm mümkündür, həm də artıq zamanın yetişdirdiyi məntiqli addımdır. Bu yanaşmanın institusional zəmini də formalaşır. TDT çərçivəsində Ortaq Muzey Kartı layihəsi üzərində iş aparılır və bunun üçün 2025-ci ildə ayrıca işçi qrup yaradılıb. Layihənin əsas məqsədi üzv ölkələrin vətəndaşlarının Türk dünyasındakı muzeylərə çıxışını asanlaşdırmaq, mədəni mübadiləni və insanlararası əlaqələri gücləndirməkdir. Mən bu təşəbbüsün əhatəsini bir qədər də geniş görmək istərdim. Əgər Türk dünyasının ortaq tarixindən, dilindən, mədəniyyətindən və gələcəyə dair baxışlarından danışırıqsa, bu ortaqlıq insanın gündəlik həyatında da hiss olunmalıdır. İnteqrasiya yalnız zirvə görüşlərində səsləndirilən fikirlərdə və dövlətlərarası sənədlərdə qalmamalı, vətəndaşın gündəlik həyatında hiss etdiyi üstünlüyə və rahatlığa çevrilməlidir. Muzey bunun üçün ən yaxşı başlanğıc nöqtələrindən biridir. Çünki muzey xalqın yaddaş evidir. Azərbaycan vətəndaşı Qazaxıstanda, Qırğızıstanda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda, Macarıstanda və ya Şimali Kipr Türk Respublikasında muzeyə daxil olarkən özünü sıradan xarici turist kimi deyil, ortaq tarixi-mədəni məkanın bir parçası kimi hiss edirsə, bu, insanların yaxınlaşmasına mühüm töhfə verə bilər”.

Əkbər Qoşalı qeyd edib ki, Türk dünyası ölkələrinə səfərlərin yalnız rəsmi görüşlər və iqtisadi əlaqələrlə məhdudlaşmaması, muzey, kitabxana və tarixi abidələrin də səfər mədəniyyətinin ayrılmaz hissəsinə çevrilməsi vacibdir:

“Özüm Türk dünyasının ölkə və topluluqlarının əksəriyyətində olmuş, onların muzeylərini ziyarət etmiş bir şəxs olaraq düşünürəm ki, qardaş ölkəyə gedib yalnız toplantıda iştirak etmək, alış-veriş aparmaq və rəsmi görüş keçirmək kifayət deyil. Muzeyə, kitabxanaya, tarixi abidəyə baş çəkmək də səfər mədəniyyətimizin bir hissəsinə çevrilməlidir. Çünki bir-birimizi yalnız bugünkü siyasi və iqtisadi münasibətlərimizlə deyil, yaddaşımız və mədəni irsimizlə də tanımalıyıq”.

Müsahibimiz bildirib ki, muzeylərdə xüsusi tarif tətbiqi ilə yanaşı, bu yanaşma gələcəkdə digər mədəniyyət və təhsil sahələrinə də genişləndirilə bilər:

“Hüquqi baxımdan məsələni bir dövlətin vətəndaşlarına verilən bütün hüquqların avtomatik şəkildə digər TDT dövlətlərinin vətəndaşlarına şamil edilməsi kimi qoymaq doğru olmaz. Hər dövlətin öz qanunvericiliyi, sosial sistemi, büdcə imkanları və suveren səlahiyyətləri var. Ancaq qarşılıqlılıq prinsipi əsasında xüsusi güzəştlər və bərabər tarif rejimləri yaratmaq mümkündür. Məncə, muzeylər bu model üçün həm ən asan, həm də ən simvolik başlanğıc nöqtəsidir. “TDT vətəndaşı – yerli tarif” prinsipi mərhələli şəkildə dövlət muzeylərində tətbiq oluna, daha sonra tarixi-mədəni qoruqlara, teatrlara, digər mədəniyyət müəssisələrinə, eləcə də tələbə və akademik mobilliyə şamil edilə bilər. Daha uzaq perspektivdə isə burada Türk dünyasının ortaq sosial-mədəni məkanının formalaşması üçün böyük imkan görürəm. Təhsil, universitetlərarası mübadilə, kitabxanalar, mədəniyyət müəssisələri və müəyyən sosial xidmətlər üzrə qarşılıqlı üstünlüklər tədricən genişləndirilə bilər. Beləcə, “Türk dünyası” yalnız coğrafi və ya siyasi anlayış olmaqdan çıxaraq insanın gündəlik həyatında hiss etdiyi məkana çevrilə bilər. Ortaq tarix bizi dünəndə birləşdirir, ortaq mədəniyyət bu gün yaxınlaşdırır, ortaq imkanlar isə gələcəyi birlikdə qurmağa şərait yaradır”.

Əkbər Qoşalı vurğulayıb ki, inteqrasiyanın əsas göstəricilərindən biri insanların bir-birinin ölkəsində özünü yad hiss etməməsidir:

“Bir Azərbaycan vətəndaşı Daşkənd, Bişkek, Astana, Almatı, Aşqabad, Ankara, İstanbul və ya Lefkoşada muzeyin qapısından keçərkən ortaq mədəni məkanın üzvü kimi qarşılanırsa, bu kiçik görünən güzəştin böyük mənəvi mənası yaranır. Çünki inteqrasiyanın ən yüksək mərhələsi sənədlərin bir-birinə yaxınlaşmasından daha çox insanların bir-birinin ölkəsində özünü yad hiss etməməsidir. Muzey kartı, bəlkə də, Türk dünyasının gələcək ortaq məkanına açılan kiçik, amma çox anlamlı bir qapı ola bilər”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Hazırlıqlar başladı - İran hər an bombalana bilər