Nyu-Meksiko ştatının hakimi Brayan Bidsheyid Meta Platforms şirkətinə "Facebook" və "Instagram" sosial şəbəkələrinin uşaqlara vurduğu zərərin nəticələrinin aradan qaldırılması üçün 567 milyon dollarlıq xüsusi fond yaratmağı tapşırıb.
Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Məlumata görə, bu məbləğ 2026-cı ilin martında andlılar məhkəməsi tərəfindən təyin edilən 375 milyon dollarlıq cəriməyə əlavə olunub.
Beləliklə, şirkətin ümumi maliyyə öhdəliyi 942 milyon dollar təşkil edib. Qərar istintaq zamanı Meta-nın ştatın istehlakçı hüquqlarının müdafiəsi haqqında qanunvericiliyini bilərəkdən pozduğunun müəyyən edilməsindən sonra qəbul edilib.
Şirkətə qarşı iddianı Nyu-Meksiko ştatının baş prokuroru Raul Torrez qaldırıb. O, Meta-nı yetkinlik yaşına çatmayanların seksual xarakterli məzmuna çıxışına imkan verməkdə və onları internetdəki təhlükəli şəxslərdən kifayət qədər qorumamaqda ittiham edib. İddianın əsasını uşaqların psixi sağlamlığına qəsdən zərər vurulması və şirkətin platformalarında seksual istismar riskləri barədə məlumatların gizlədilməsi təşkil edib.
Hakim Brayan Bidsheyid bildirib ki, vurulan zərərin geniş miqyasda olması və onun aradan qaldırılması üçün mürəkkəb tədbirlərin tələb edilməsi xüsusi fondun yaradılmasını zəruri edir.
Fondun təxminən 420 milyon dolları gənclərin müalicəsinə və psixoloji yardımına yönəldiləcək. Qalan vəsait isə növbəti 5 il ərzində profilaktik proqramlara, problemlərin erkən aşkarlanması xidmətlərinə və maarifləndirmə tədbirlərinə sərf olunacaq.
Bundan əlavə, məhkəmə Meta-ya:
uşaqların sosial şəbəkələrdə keçirdiyi vaxtı məhdudlaşdırmağı;
fotoların altındakı “bəyənmə” sayını standart olaraq gizlətməyi;
istifadəçiləri potensial risklər barədə məlumatlandırmağı tapşırıb.
Meta isə qərardan şikayət verəcəyini bildirib.