“Mixaylo” əslində, başqa aktyor olmalıymış - 90 yaşlı Şaşıqoğlu

“Mixaylo” əslində, başqa aktyor olmalıymış - 90 yaşlı Şaşıqoğlu

Mədəni̇yyət

13 Mart 2017, 17:28

Bu gün Azərbaycan və Rusiyanın xalq artisti, teatr və kinoda hamının sevdiyi obrazları yaratmış Nodar Şaşıqoğlunun anım günüdür. O, 1927-ci ilin bu günündə Batumidə anadan olub. 2013-cü ildə isə Bakıda vəfat edib. Kinoda 10-dan çox, teatrda isə bu rəqəmdən dəfələrlə artıq rollar yaratsa da, tamaşaçı onu “Uzaq sahillərdə” filmindəki Mixaylo-Mehdi Hüseynzadə kimi tanıdı.

Modern.az anım günündə Nodar Şaşıqoğıu haqqında bir neçə maraqlı məqamı təqdim edir:

Yenidən “Uzaq sahillərə” qayıdaq... Tofiq Tağızadənin ekranlaşdırdığı filmdə Mixaylo rolunun sınaq çəkilişlərinə bir çox aktyorlar qatılır. Gündüz Abbasov rol üçün ən favorit şəxs hesab edilən ərəfədə qəflətən, Moskva Dram və Komediya Teatrının aktyoru Nodar Şaşıqoğlu rola təsdiqlənir. Aktyoru sonradan hamı Mixaylo-Mehdi Hüseynzadə kimi tanıyır. Sənətkar  teatr və kinoda xeyli rollar yaratsa da, hamı onu Mixayloya görə sevir.


Amma dövrün kinoşünas, kino mütəxəssisləri Nodar Şaşıqoğlunun yaratdığı Mixaylonu çox tənqid etdilər. Əvvəlinci tənqid obyekti o idi ki, aktyor zahiri görünüşcə II Dünya Müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş bakılı partizan Mehdi Hüseynzadəyə ümumiyyətlə, oxşamır. Çünki Mehdi ortaboy, enlikürək, qarayanız, dolusifət bir gənc olub. Amma hamımızın dəfələrlə baxdığı filmdə Nodar Şaşıqoğlunun yaratdığı Mixaylo fiziki görkəminə görə qəhrəman Mehdidən çox fərqlənir. Mehdi Hüseynzadəni canlı görən tanışları, döyüş yoldaşları Nodarın ümumiyyətlə, Mehdidən çox fərqləndiyini qeyd edirdilər. Hətta Mehdi Hüseynzadənin doğma bacısı Bikəxanım da filmi izlədikdən sonra bu barədə danışmışdı:


“Mehdi dedikdə gözlərimin qarşısına qarayanız, enlikürək,  gülərüz, açıq alınlı, düz saçlarını geriyə darayan bir gənc gələrdi”.

İkinci tənqid isə Nodarın Mehdinin daxili aləmini, ruhunu tam əks etdirə bilməməsi ilə bağlı idi. Şaşıqoğlunun Mixaylosu daha çox avropalıya bənzəyən ciddi, xəfiyyə ruhlu birisidir. Amma Mehdi Hüseynzadə xasiyyətcə çox istiqanlı və mehriban olub. Vaqifdən, Ələsgərdən, Molla Cuma və Səməd Vurğundan xeyli şeirlər deyər, özü də ara-sıra cızma-qara edərmiş. Nodar Şaşıqoğlunun yaratdığı Mixaylonun Ələsgərdən, Molla Cumadan şeir deməyini yəqin, təsəvvür etmək belə, çətindir.

Yerinə düşmüşkən deyək ki, “Uzaq sahillərdə” filminin ən kobud səhvi finalda yaşanır. Mixaylo çiynindən asdığı çantasındakı partlayıcını işə salaraq, ətrafdakı alman zabitlərini də məhv edir. Amma həmən sonra görürük ki, onun öz cəsədi bütövdür, sanki partlayıcı onun çiynindəki çantada partlamayıb. Bu kobud səhv sonradan tənqid edildi.

Son arzu

Dramaturq Firuz Mustafa bu sətirlərin müəllifinə Nodar Şaşıqoğlu ilə bir görüşündən bəhs edərkən onun sonuncu arzusunu da qeyd edib. Şaşıqoğlunun sonuncu arzusu da elə Azərbaycanla bağlı olub:

 

“Sizə bir sirr açım: Azərbaycanda teatra qayıtmaq mənim ürəyimdə çохdan yaşayan bir arzudur. Kral Liri оynamaq istəyirəm. Mən istəyirəm кi, bu rоlla Şеkspir fеstivallarında iştiraк еdim. Əslində, "Kral Lir" bir aкtyоrun tеatrıdır. Mən bеlə düşünürəm кi, bu, mənim qəhrəmanım, mənim оbrazım, mənim rоlumdur. Amma əsərə səhnə həyatı vеrməк vəsait tələb еdir. Bеlə bir inamım var кi, mən dоğma məmləкətdə - dоğma səhnədə bu rоlu yaradacağam...", - Nodar Şaşıqoğlu deyib.

 


4 evlilik, 4 çemodan

Jurnalist Ramilə Qurbanlı özünün “33 pərdəli dram” kitabında Nodar Şaşıqoğlu haqqında yazır:

“Taqankaya gəldiyi bir il müddətində evlənməyə də vaxt tapmışdı. Qadın heyranlarının arsından seçdiyi qızın anası erməni idi. Olduqca qəşəng olan bu qız xüsusən baş rollarda oynayan aktyorun sevgisini qazana bilmişdi. Onun darıxmasının, yeni evləndiyi xanımından da ayrılmağının səbəbkarı erməni qayınanası oldu. Nodar Şaşıqoğlu evini də xanımına verib evdən də, işdən də çıxdı. 

 

Nodar Şaşıqoğlu ümumilikdə dörd dəfə evil olub, hər dəfə də evini növbəti xanımına verib, bir çemodanla çıxıb. 

 

Taqanka teatrında işlədiyi vaxtlardan artıq kinolara çəkilməyə başlamışdı. Məşhur kinorejissor Sergey Yutkeviç ilk dəfə onu "Böyük döyüşçü İsgəndər bəy" adlanan filmində Sultan Mehmet roluna çəkdi. 

Özü də əvvəlcə aktyordan soruşub ki, “Türk sultanının rolunda oynaya bilərsən?”. Nodar Şaşıqoğlu - “Mənim əcdadlarım türk olub”, - deyib. 

 

Film çəkilişindən sonra onun üzünə teatrın qapıları bağlandı, o vaxt teatr aktyoru filmə çəkilməməli idi. Ancaq zaman keçdi və Nodar Şaşıqoğlu yenidən Taqankaya dəvət olundu”. 


E.Nazimoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna Rusiya aerodromlarını vurdu