Modern.az

50 min azərbaycanlı ABŞ-a köçmək üçün müraciət edib  

50 min azərbaycanlı ABŞ-a köçmək üçün müraciət edib   

16 May 2018, 15:25

2019-cu ilin “Greencard” üçün qeydiyyat dövrü 18 oktyabr tarixində başlayıb, 22 noyabrda bitdi. Proqramının nəticələri  isə dünən – 15 may 2018-ci il tarixində elan edildi.

Əcnəbilərə ABŞ-da yaşamaq  və işləmək izni verən “Greencard” lotereyası almaq üçün  Azərbaycan vətəndaşları da canfəşanlıq edirlər. Bu baxımdan hazırda əksəriyyətin yeganə maraq obyekti nəticələri öyrənməkdir.

Bununla  bağlı “Greencard.az” şirkətinin mütəxəssisi Royal Cəfərov  Modern.az  saytına danışarkən deyib ki, bu il  “Greencard” vəsiqəsini almaq üçün şirkətə 50 mindən çox müraciət daxil olub:


“Lakin nəticələri  yoxlamaq üçün müəyyən müddət lazımdır. Bu baxımdan hazırda nə qədər adamın lotereyada qazandığı istiqamətində hesablama işləri gedir. Digər tərəfdən insanların  fərdi olaraq nəticələrini öyrənmək istəyini də nəzərə almışıq.  Ötən il bizdə bununla bağlı problem yaranmışdı.

Bu gün səhər saat 10-a kimi saytımızda bir bölmə yaratdıq. Elə adamlar var ki, “Greencard”a müraciət etsə də, yadından çıxıb və ya nəticələrin  çox da marağında deyil. Lakin eləsi də var ki, “Facebook”da məlumatları mütəmadi olaraq izləyir və nəticələrin nə zaman çıxacağını gözləyir. Bu insanlar üçün saytımızda dediyim kimi bölmə yaratdıq. Kim nəticələri bilmək istəyirsə, adları, soyadları, doğum tarixlərini yazıb informasiya əldə edə bilər.

Həmin şəxslərin bir hissəsinin adı bu gün günün sonuna qədər, bir hissəsininki isə sabah məlum olacaq və yayımlanacaq. Yekun nəticə üçün zaman lazımdır”.


R.Cəfərov qeyd edib ki, hər il Azərbaycandan müraciət edən təxminən 300-500 nəfər  “Greencard” qalibi olur:


“Bu il bu rəqəmin 700-800 olması gözlənilir. Nəzərə alsaq ki, təxminən, hər 100 nəfərdən yalnız 1- “Greencard” qazanır, deməli ayrılan yer üçün müraciət sayı çox azdır. Həmişə olduğu kimi, bu il də müraciət edənlərin əksəriyyəti 18-24 yaş aralığında olan subay gənclərdir”.


Qeyd edək ki, “Greencard”ın qalibi olan şəxs tək və ya ailəsi (həyat yoldaşı və uşaqlar) ilə birgə vətəndaşlığını itirmədən Amerikada daimi yaşamaq, oxumaq və işləmək şansı əldə edir. Bu lotereya ildə yalnız bir dəfə keçirilir və proqrama 11 illik orta məktəb təhsili olan hər kəs müraciət edə bilər. “Greencard” sahibi olan hər kəs Amerika vətəndaşları ilə eyni hüquqa malik olur.

Bu il qalib olmuş şəxslər isə 2019-cu ilin oktyabr ayına qədər ABŞ səfirliyindən vizalarını ala biləcəklər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi