Modern.az

İlham Əliyev Oqtay Şirəliyevə İNANMADI: “Bəzi xəstəxanalarda generatorlar işləməyib”

İlham Əliyev Oqtay Şirəliyevə İNANMADI: “Bəzi xəstəxanalarda generatorlar işləməyib”

Hadisə

4 İyul 2018, 22:36

“Bəzi xəstəxanalarda generatorlar işləməyib. Ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb". Modern.az xəbər verir ki, bunu prezident İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə bildirib.

 

Dövlət başçısı bildirib ki, strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə baxmaq lazımdır: “İlk növbədə xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə, bu, həqiqətə uyğun deyil”.

 

İlham Əliyev bildirib ki, bu məsələ ilə bağlı ciddi təftiş aparılmalıdır: "Bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm Dövlət Komissiyasına, həm də mənə məruzə etməlisiniz. O ki qaldı, metropolitenə, bildiyimə görə, metropolitendə ümumiyyətlə generatorlar mövcud deyil. Bu da acınacaqlı faktdır.

 

Tezliklə təkliflər verin ki, metroda, bütün stansiyalarda generatorlar olsun və enerjidə hər hansı problemlər yarandıqda insanlar əziyyət çəkməsin. Hesab edirəm ki, komissiya öz işini tezliklə yekunlaşdıracaq və təkliflər hazırlayıb mənə təqdim edəcək". 

 

Qeyd edək ki, müşavirədə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev bildirib:


"Baş verən qəzadan sonra biz daim bütün regionlarla əlaqə saxlayırdıq. Siz bilirsiniz ki, demək olar, bizim bütün rayonlarda yeni xəstəxanalar tikilib və bütün müasir tibbi avadanlıqla təchiz olunub. Hər yerdə generator sistemləri quraşdırılıb. Hər yerdə generatorlar işləyirdi, tibbi xidmət göstərilirdi. Bakı şəhərində də nazirliyin əməkdaşları təhkim olunmuşdu. Bakı şəhərində də ilk növbədə, cərrahiyyə, əməliyyat blokları, reanimasiya tam tərkibdə işləyirdi. Bu iki gün ərzində məsələ ilə bağlı bir ölüm hadisəsi də olmadı. Təcili yardım tam gücü ilə işləyirdi. 2130 çağırış olub. Bunlardan 220 adam xəstəxanalara daxil olub, onlara tam həcmdə yardım göstərilib. Metronun hər stansiyasının qarşısında təcili yardım maşını təhkim olunmuşdu. Onların arasında cəmi 19 nəfər müraciət edib, o da gərginlikdən, əsəbdən. Onlara ilkin tibbi yardım göstərilib. Cəmi 6 nəfər xəstəxanalara yerləşdirilib". 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü