Modern.az

PKK ilə vuruşmaq üçün Azərbaycanda könüllülər toplaşıb

PKK ilə vuruşmaq üçün Azərbaycanda könüllülər toplaşıb

21 Oktyabr 2011, 09:34


PKK-nın Türkiyədə terroru genişləndirməsi qardaş ölkənin ictimaiyyəti kimi Azərbaycan cəmiyyətini də hiddətləndirib.

Modern.az saytının məlumatına görə, Azərbaycanda PKK ilə vuruşmaq üçün könüllülər dəstəsi yaradılıb.

Bu barədə saytımıza Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMMB) sədri, birinci Qarabağ savaşının döyüşçü Füzuli Rzaquliyev məlumat verib.

O, qeyd edib ki, 26 türk əsgərinin şəhid olduğu, 22 əsgərin yaralandığı son terror hadisəsi baş verəndən az keçməmiş xeyli sayda döyüşçü birliyin qərargahına gəlib:
“Gələ bilməyənlər isə bizlə telefon əlaqəsi saxladılar. Döyüşçülər könüllü olaraq Türkiyədə PKK-ya qarşı vuruşmaq istədiklərini bəyan etdilər. Müraciət edənlər o qədər çoxdur ki, deyərdim ki, onlardan bir tabor da təşkil etmək olar. Döyüşçülərin bu istəyi başadüşüləndir. Bu, həm də mənə Çanaqqala, Sarıqamış döyüşlərini xatırlatdı. O döyüşlərdə Azərbaycandan da kifayət qədər vuruşan olub. Təbii ki, döyüşçülərin bu istəyi alqışa layiqdir və qardaşlığın büruzəsidir”.

F. Rzaquliyev “Azərbaycan torpaqları işğal altındadır, nədən döyüşçülərimiz torpaqlarıımızın erməni işğalından azad edilməsi üçün vuruşmurlar” sualına belə cavab verib: “Biz məsələ ilə bağlı dəfələrlə müfaiq instansiyalara, Ali Baş Komandanımıza müraciət etmişik. Nə zaman əmr verilsə, biz döyüşə gedəcəyik”.

***

“Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” ictimai birlikləri
də Türkiyədə baş verən son terror hadisələri ilə bağlı bəyanat yayıblar. Bu barədə “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov məlumat verib. Onun sözlərinə görə, Qarabağ qaziləri PKK-nın son günlərdə Türkiyədə törətdiyi ardıcıl terror hadisəsindən üzülüblər.
Bəyanatda deyilir:
“Biz-Azərbaycan torpaqlarının erməni təcavüzündən müdafiə edərkən sağlamlıqlarını itirib Qazi olan insanların birləşdiyi “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri olaraq qardaş Türkiyədə baş verən son terror hadisələrindən çox üzüldük. Bütün Türk dünyası kimi, bizlər də bu ağır günlərdə hüzr içindəyik!

Müharibənin, erməni terrorunun ağrı-acısını öz canlarında his edən və uzun illərdir bu acını yaşayan, bədənlərində daşıyan Qarabağ qaziləri dünyanın hansı yerində olmasından, səbəbindən və nəticəsindən asılı olmayaraq terroru və zorakılığı, o cümlədən terrorçu bir qurum olan PKK-nın fəaliyyətini pisləyir. Bu gün bəşəriyyətin bütün problemlərin, qarşıdurmaların, konfliktlərin danışıqlar yolu ilə həllini tələb etdiyi bir vaxtda PKK-nın günahsız insanları, uşaqları, qadınları, qocaları da hədəfə almaqla terror cinayətləri törətmələri bütün dünya dövlətləri tərəfindən də haqlı olaraq pislənilir. Demokratik, hüquqi, dünyəvi bir dövlət olan Türkiyəyə Cümhuriyyətinə qarşı terrorçu qurum olan PKK-nın belə cinayətkar və xəyanətkar davranış elə əslində yuxarıdakı bəşəri dəyərlərə münasibətdir.

Lakin PKK və digər bölücü terror təşkilatlarını maliyyələşdirən, onları istiqamətləndirən və başında duran şəxslər bilməlidir ki, belə terror aktları ilə çox əsirlik dövlətçilik ənənələri, dünyaya töhfə verən mədəniyyəti olan böyük Türk dövlətinə terrorla, zorla təzyiq edə bilməyəcəklər. İnanırıq ki, Türkiyə dövləti belə terror təşkilatlarını məhv edəcək, tarixin növbəti sınağından alnı açıq, üzü ağ çıxacaq.

“Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri  olaraq PKK-nın o cümlədən Türkiyədəki digər bölücü qrupların fəaliyyətini pisləyir, bütün dünya ictimaiyyətini terrora, zorakılığa qarşı birləşməyə çağırırıq!

Biz bu ağır gündə qardaş Türkiyəmizin yanındayıq, onların kədərini öz kədərimiz bilirik, onlarla birgə üzülür və acılar yaşayırıq! Əlimizdən gələn hər dəstəyi canımız Türkiyəmiz üçün etməyə hazırıq! Baş verən terror hadisəsi zamanı şəhid olanlara uca yaradandan rəhmət diləyir, yaralılara isə can sağlığı arzulayırıq! TANRI TÜRKÜ QORUSUN!”

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir