Modern.az

Generallar Oruc Zalov və Səfər Mehdiyev açılış etdilər

Generallar Oruc Zalov və Səfər Mehdiyev açılış etdilər

Təhsil

21 Oktyabr 2011, 16:13

Prezident İlham Əliyevin bu il fevralın 25-də imzaladığı fərmanla ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, daimi uçota alınması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsi, habelə nəqliyyat vasitələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının verilməsi ilə əlaqədar prosedurların  “bir pəncərə” prinsipi əsasında sadələşdirilməsinin təmin edilməsi barədə respublikanın Daxili İşlər Nazirliyinə və Dövlət Gömrük Komitəsinə tapşırıq verilib.

Həmin tapşırığın icrası ilə əlaqədar, paytaxtın Qaradağ rayonu ərazisindəki Xocasən şossesində bu məqsədlə qısa müddət ərzində yeni inzibati binalar inşa edilib, nəqliyyat vasitələrinin duracağı üçün geniş meydança salınıb.
Oktyabrın 21-də bu obyektlərin istifadəyə verilməsinə həsr olunmuş tədbir keçirilib. Açılışda respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iştirak ediblər. Bu barədə Modern.az-a DİN mətbuat xidmətindən məlumat verilib.

Məlumat verilib ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin aidiyyatı qurumu üçün tikilmiş, 8 iş otağından, nəqliyyat vasitələrinə baxış xəttindən, növbətçi hissədən və 1 xəzinə otağından ibarət olan əsas inzibati binada əhaliyə göstərilən xidmətlərin operativliyini və şəffaflığını təmin etmək məqsədilə qeydiyyat əməliyyatları və rüsumlar barədə məlumatlar almaq üçün elektron informasiya köşkü qoyulmuş, elektron idarəetmə sistemi yaradılıb. Əvvəllər ölkəmizə gətirilən avtomotonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə dövlət qeydiyyatının aparılması prosedurları müxtəlif ərazilərdə aparılırdı. Bu da  vətəndaşların müəyyən vaxt itkilərinə və əlavə vəsait xərclənmələrinə səbəb olurdu. Artıq xaricdən gətirilən nəqliyyat vasitələrinin “bir pəncərə” prinsipi əsasında eyni vaxtda həm gömrük rəsmiləşdirilməsini, həm də dövlət qeydiyyatının aparılmasını həyata keçirmək mümkün olacaq. Eləcə də şəhər və rayon qeydiyyatında olan şəxslərə məxsus nəqliyyat vasitələrinə dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının sadələşdirilmiş formada və qısa müddətdə verilməsi təmin ediləcək.

Görülən işləri yüksək qiymətləndirən nazir müavini, polis general-leytenantı Oruc Zalov əməkdaşların normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluğunu bildirib. O vurğulayıb ki, Prezident İlham Əliyev hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının ictimai qaydanın qorunmasında,  cinayətkarlıqla qətiyyətli mübarizədə, insan hüquq və azadlıqlarının təminində rolunu hər zaman yüksək  qiymətləndirir, onun lazımi texniki vasitələr və avadanlıqlarla təchizatına xüsusi diqqət yetirir. Məhz belə ali diqqət və qayğı sayəsində bu gün Daxili İşlər Nazirliyi, həmçinin Dövlət Gömrük Komitəsi müasir tələblərə cavab verən texniki və xüsusi  vasitələrlə təmin olunub, əməkdaşların iş, həmçinin sosial-məişət şəraiti ilbəil yaxşılaşmaqdadır. Bütün bunlar şəxsi heyəti daha yaxşı işləməyə ruhlandırır, ölkə vətəndaşlarının rahatlığına xidmət edir.

Nazir müavini tədbirin sonunda onu da qeyd edib ki, şəxsi heyət göstərilən yüksək diqqət və qayğıya öz nümunəvi xidməti ilə cavab verəcək, qarşıya qoyulmuş məsul vəzifələrin öhdəsindən layiqincə gələcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi