Modern.az

Mətbuat Şurasının “qara siyahısı” ilə bağlı sensasion açıqlama: “Bu, sanksiya kimi tətbiq olunmalıdır” - Deputat

Mətbuat Şurasının “qara siyahısı” ilə bağlı sensasion açıqlama: “Bu, sanksiya kimi tətbiq olunmalıdır” - Deputat

4 Mart 2019, 17:11

Martın 1-də  Azərbaycan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə və  Apellyasiya komissiyalarının birgə iclası keçirilib.

İclasda Apellyasiya Komissiyası tərəfindən “Ailə”, “Avrotayms”, “Bakı press”, “Güzgü”, “Dünya kriminal” və “Obyektiv fikir” qəzetlərinin adlarının Şuranın “qara siyahı”sından çıxarılması təklif olunub.

Nəzərə alınıb ki, həmin nəşrlər barədə uzun müddətdir Şuraya şikayətlər daxil olmur, bəziləri artıq fəaliyyətini dayandırıb. Bununla bağlı qərar yekdilliklə qəbul edilib.


“Təzadlar” qəzetinin adı isə yenidən Şuranın «qara siyahı»sına daxil edilib.


MŞ-nin “Reket nəşrlər”in müəyyənləşdirilməsinə dair Təlimatında göstərilir ki, adı “qara siyahı”dan çıxarılmış kütləvi informasiya vasitəsi bundan nəticə çıxarmadığı halda onun adı yenidən həmin siyahıya qaytarıla bilər

Bəs Mətbuat Şurasının  “qara siyahı” ilə bağlı atdığı addımları necə qiymətləndirmək olar? Atılan addımlar doğrudurmu?

Eyni zamanda, ictimai-siyasi xadimlərin, adı “qara siyahı”ya düşən mətbu orqanlara açıqlamalar verməsinə qadağa qoyulmalıdırmı?


Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a açıqlamasında deyib ki, Mətbuat Şurasının bu istiqamətdə atdığı addımlar ciddi araşdırmadan sonra ortaya çıxır.


“Həqiqətən də Şuraya çoxlu şikayətlər daxil olur. Bu istiqamətdə müəyyən addımların atılması da onların mənəvi öhdəliyidir. Yəni məqsəd Azərbaycan mətbuatını şantaj, böhtan xarakterli yazılardan, müəyyən dərəcədə “reket “jurnalist adlanan görüntüdən xilas etməkdir. Bunlar olmadığı halda, mətbuatın imici korlanır. Bu siyahıda müəyyən mətbuat orqanlarının olması gözləniləndir. Məsələn, “Təzadlar” qəzetini götürək. Ola bilsin ki, illərdir mətbuat sahəsində çalışan təcrübəli insanların bu sahədə fəaliyyətləri olub. Ancaq bu heç kimə əsas vermir ki, müəyyən dərəcədə ictimai reputasiyası, cəmiyyətdə nüfuzu yüksək olan insanlara qarşı böhtan xarakterli addımlar atılsın”.

Deputat qeyd edib ki, Mətbuat Şurasının “qara siyahısı”na düşən adlar heç də təsadüfi deyil:

“Bunların hər biri araşdırılır. Ümid edirəm ki, “qara siyahı”ya düşən qəzetlər, saytlar daha obyektiv xətt izləməyə, özləri üçün dərs çıxarmağa çalışacaqlar. Və indiyə qədərki fəaliyyətlərində dönüş yaradacaqlar”.

Fazil Mustafa adı “qara siyahı”ya düşən mətbu orqanlarda çıxış edən ictimai-siyasi xadimlərə qarşı qadağalardan da söz açıb:

“İctimai-siyasi xadimlər gərək “qara siyahı”ya düşən saytlara açqılama verməməyi nəzərə alsınlar. Ən azı bu, sanksiya kimi tətbiq olunmalıdır. Həmin “qara siyahı”ya düşən mətbu orqanlar özlərini  normal qəbul etdirənə qədər bu məsələ gözlənilməlidir. Bütövlükdə hər kəs reputasiyasını düşünməlidir. Bunlar çox önəmlidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?