Modern.az

Azərbaycandakı xarici səfirlərə yeni ağsaqqal seçilib

Azərbaycandakı xarici səfirlərə yeni ağsaqqal seçilib

17 Aprel 2019, 12:00

“Hazırda Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların ağsaqqalı (duayen) Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhmandır. Fələstinin Azərbaycandakı səfiri 2010-cu ildə ölkəmizdə diplomatik fəaliyyətə başlayıb”.

Bunu Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.


Duayenin seçilməsi necə baş verir?!

Leyla Abdullayeva bildirib ki,  diplomatik korpuslarla əlaqə saxlanılır və Azərbaycanda ən uzun müddət ərzində səfir çalışan diplomat duayen funksiyasını yerinə yetirir.

“Səfirlər arasında duayen seçilməsi məsələsinə səfirlər və Xarici İşlər Nazirliyi birgə qərar verir. Hər bir səfirlə nazirlik görüş keçirir və belə bir vəsatətlə diplomatik korpus qarşısında çıxış edir”. 

XİN rəsmisi deyib ki, duayenliyin cins fərqi yoxdur:

“Ən uzun müddət səfir postunda çalışan diplomat duayen (ağsaqqal) seçilir. Duayenliyin cinsə aiddiyatı yoxdur. Ola bilsin ki, belə bir diplomat qadındır.  Bu zaman o, diplomatik qaydalara görə duayen seçilmək səlahiyyətinə malik olur. Duayen kiminsə xüsusi göstərişi ilə seçilmir. Bu, diplomatik korpusun səlahiyyətləri çərçivəsində tənzimlənir”.

 Əgər kişi duayendirsə...

Duayen seçilən səfirin həyat yoldaşı da duayenlik hüququndan kənarda qalmır. Əgər kişi duayendirsə, onun həyat yoldaşı müəyyən vəzifələri icra edir. Diplomatik korpus daxilində koordinasiya, ictimai xarakterli işlərin aparılması kimi məsuliyyət üzərlərinə düşür. Diplomatik təcrübədən çıxış edərək, duayen səfirin həyat yoldaşı çay  süfrəsi və digər mərasimlər təşkil edə bilir.


Qeyd edək ki, Nasir Əbdülkərim Əbdürrəhmana qədər Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların ağsaqqalı Rusiyanın Azərbaycandakı keçmiş səfiri Vladimir Doroxin olub. O, 2009-cu ildən 2017-ci ilə qədər Azərbaycanda səfir postunda çalışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi