Modern.az

Bu yazın dəbi və rəngləri nələr olacaq? - Məşhur modelyer geyim tərzindən DANIŞDI

Bu yazın dəbi və rəngləri nələr olacaq? - Məşhur modelyer geyim tərzindən DANIŞDI

23 Aprel 2019, 08:41

Hər il olduğu kimi bu il də yaz ayları özünəməxsus dəbi, fərqli geyim modelləri ilə yadda qalacaq.

Bu ilin yaz dəbi haqqında Modern.az-a Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova danışıb.  O deyib ki, yaz-yay mövsümündə  xanımların geyimlərində gündəlik üslubda əlbisələr, donlar dəbdə olacaq:

“Qadınsayağı görünüşlər, incə, fərqli, qeyri-adi üslub, rəngarəng donlar bu ilin yaz-yay aylarına damğa vuracaq. Yeni romantik üslub, rəqs məktəbi üslubu, parıltı üslubu, ekzotik görünüşlər və s. gündəmdə olacaq üslublar sırasındadır. Həm dizaltı, həm də dizüstü uzunluqda paltarlar geyiniləcək. Amma daha çox “fransız uzunluğu” deyilən uzunluqlarda donlar, ətəklər dəbdədir.

Dəbdə olacaq rənglər isə şərab rəngi, mixəyi rəng, çəhrayı, gözqamaşdıran göy rəng, ağ, qırmızı rənglər gündəmdə olacaq. Bəyaz və qum rəngi tonlarıni mütləq sıxlıqla görəcəyik”.

Gülnarə Xəlilovanın ümumi dəyərləndirməsinə görə, son illər geyimlərdə rəngarənglik müşahidə olunur:

“İdman üslubunda, kreativ, avanqard tərzdə geyim seçimlərini müşahidə edəcəyik. Soyuq tonlarda paltarların hazırlanmasını, bizim yaşadığımız mühitdən fərqli bir mühitin təqdimatını geyimlərdə görə bilərik. Boşluq üslubu var – həcmli, içərisi boş görünən iri geyimlər həm xanımların, həm də bəylərin seçimləri arasındadır. Bu mövsüm həm də gimnaziya üslubları da gündəmdədir. Köynəklər, qalstuklar, məktəbli görkəmini xatırladan dəb üstünlük təşkil edəcək. Ən maraqlı geyim nümunələrindən biri də poetik, romantik üslubun ahəngi, fərqli qol və yaxa kəsimləri, geyimlərdə hər gün rastlaşmadığımız yeniliklər dəbdədir.

Əlvan rənglər də dediyim kimi, bu yazın dəbinə damğasını vuracaq. Ümumiyyətlə, son illər rənglərin harmoniyası geyimlərdə daha çox büruzə verir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır