Cəlilabad rayonundakı qədim Xudutəpə yaşayış yerində aparılan qazıntılar zamanı ocaq yerləri aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə Tunc–Erkən Dəmir dövrü Muğan arxeoloji ekspedisiyasının rəhbəri, dosent Anar Ağalarzadə məlumat verib.
Onun sözlərinə görə, çoxtəbəqəli Xudutəpə yaşayış yerində diametri 40–45 santimetr olan gildən hazırlanmış ocaqlar və onların qalıqları tapılıb.
Arxeoloqlar həmin ocaqlardan yemək hazırlanması üçün istifadə edildiyini ehtimal edirlər. Uzun müddət istifadə olunması nəticəsində ocaqların daxilində nazik kül təbəqəsi yaranıb.
Tapıntıların Son Tunc–Erkən Dəmir dövründə məişətdə istifadə olunduğu güman edilir.
Ərazidə arxeoloji qazıntılar davam etdirilir.