Modern.az

Azərbaycanlı jurnalistlər Fuad Abbasova təzyiqləri pislədilər

Azərbaycanlı jurnalistlər Fuad Abbasova təzyiqləri pislədilər

Media

21 May 2019, 14:21

Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Jurnalist saxlanılarkən ciddi fiziki təzyiqlərə, aşağılayıcı davranışa məruz qalıb. Onun mayın 28-də Azərbaycana ekstradisiya olunacağı bildirilir.

 

Hadisənin baş verməsindən xeyli müddət keçsə də, azərbaycanlı jurnalistlərin həmkar dəstəyi nəzərə çarpmır. .

 

Modern.az tanınmış media nümayəndələrinin məsələylə bağlı mövqeyini öyrənib.

 

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirir ki, jurnalistə zor tətbiq edilməsi yolverilməzdir.

“Dünyanın istənilən yerində saxlanılan şəxsə hüquq-mühafizə orqanları tərəfindən  zor tətbiq edilə bilməz. Çünki saxlanılan şəxs dövlətin himayəsindədir. Belə olan halda həmin şəxsin başına gələcək hər hansı hadisədən dövlət, dövlət qurumu cavabdehdir.

Əgər həbsdə olduğu müddətdə şəxsin başına hər hansı hadisə gələrsə, bu qanunsuzluğun ən yüksək nöqtələrindən biridir”.

Mətbuat Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edir ki, Rusiya tərəfindən hadisə barədə ölçü götürülməli, F.Abbasova qarşı yolverilməz əməli törədən şəxslər barədə lazımi tədbirlər görülməlidir.

 “Zor tətbiq edilməsi  vətəndaşın hüquqlarının pozulması deməkdir. Hər bir ölkənin qanunlarına uyğun istənilən hərəkəti etmək olar. Lakin kiməsə zor tətbiqinin edilməsi qanunların nümayişkaranə şəkildə pozulmasıdır”.

Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının rəhbəri  Elşad Eyvazlının sözlərinə görə, jurnalistə qarşı o cür davranışı yalnız azərbaycanlılar deyil, bütün dünya qınamalıdır.

“Moskvada azərbaycanlı jurnalistin saxlanılmasına cəmiyyətimizin reaksiyası məndə ciddi təəssüf hissi doğurur. Məsələ bundan ibarətdir ki, biz jurnalist həmkarımızla bağlı həmrəyliyimizi nümayiş etdirmirik. Dünyanın hər hansı bir yerində jurnalist həbs olunarkən və ya təzyiqə məruz qalarkən digər ölkələrdən ona reaksiya gəlir. Fuad Abbasovla qatı cinayətkar kimi davranmaq yolverilməzdir və azərbaycanlı jurnalistlərin bu məsələylə bağlı laqeyid münasibəti üzücüdür. O, azərbaycanlıların yaddaşında Moskvada ermənilərə qarşı debatlarda xüsusi fəallığı ilə seçilən jurnalist kimi qalıb. Belə jurnalistlərimiz xarici ölkələrdə ya yoxdur, ya da barmaqla sayılacaq qədərdir. İndi durub kimlərsə deyir ki, Fuad Abbasov başqa qüvvələrin maraqlarına uyğun fəaliyyət göstərirmiş. Hesab edirəm ki, bu, bizi istəməyən ayrı-ayrı qüvvə və ya ölkələrin, xüsusi xidmət orqanlarının yaydığı təxribatlardır. Qəribəsi odur ki, jurnalist kimi deyil, azərbaycanlı kimi Fuad Abbasovun həbs olunmasına bizim münasibətimiz çox passivdir. Biz onun həbsdən azad olunması üçün sonadək mübarizə aparmalıyıq. Fuad Abbasov haqqında elələri fikir yürüdürlər ki, onlara saqqız, şar uzatsan qəbul edəcəklər.

Ən azından dövlət və müstəqilliyimiz barədə düşünməliyik.Təəssüf ki, hadisə ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi münasibət bildirmir. Jurnalistlərimizi bu məsələ ətrafında həmrəy olmağa çağırırram. Fuad Abbasov həmkarımızdır və onu biz müdafiə etməliyik. Erməni lobbisinin ona qarşı getdiyi, Rusiyada fəaliyyət göstərən bəzi azərbaycanlı təşkilatların Fuad Abbasovun fəaliyyətini qısqandığı hiss edilirdi.

Yəqin ki, özü azadlığa çıxandan sonra hər şeyə aydınlıq gətirəcək. Nə yazıqlar ki, bizdə bəzən öz bacarığı ilə irəli gedən insanlara  elə özümüz qarşı çıxırıq”.

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli vurğulayır ki, Fuad Abbasovla bağlı görüntülərin yayılmasında ciddi bir problem yoxdur:

“Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarının 3-cü prinsipi o şərtləri müəyyən edir ki, baş vermiş hadisədə qan izləri, xüsusi fiziki zorakılığın göstəricisi varsa, o görüntülərin yayılması qadğandır. Lakin bu görüntülərdə  o hal yoxdur. Əslində bu görüntülər Rusiya polisinə qarşı ikrah yaradır. Çünki Fuad Abbasov istintaqdan yayınmır və müqavimət göstərmir. Belə olan halda onu normal şəkildə, alçaltmadan aparmaq olar. Görüntülərdən məlumdur ki, bu davranış məqsədli şəkildə həyat keçirilir və Rusiya polisi yersiz amansızlıq nümayiş etdirir.  Bu səbəblər də özlüyündə araşdırılmalıdır.

Məslələnin ikinci tərəfi də var ki, Fuad Abbasov fəaliyyət və kimliyindən aslı olmayaraq azərbaycanlı soyadı daşıyır. İstənilən halda ona qarşı edilən bu zorakılıq insanda milli təəssüfkeş olaraq ağır hisslər yaradır. Ona görə də bir media eksperti olaraq, bəzi həmkarlarımız müraciət edirlər ki, bu görüntülər yayılmasın. Lakin qanun və ya etik kodekslə o görüntüdə məhdudlaşdrılacaq bir hal yoxdur. Sadəcə olaraq, soydaşlarımızda alçaltma kompleksi yaratamamaq üçün bəzi şəxslər bu görüntünün yayılmasını istəmirlər və haqlı çağırış edirlər. Burda inzibati və ya xüsusi məhdudiyyət qoymaq olmaz. Bu da artıq qalıb media qurumunun siyasətinə. İstəməzdim görüntülər yayılsın, çünki vətəndaşımızın başqa bir ölkədə  təhqirə məruz qalması bizim də buna məruz qalmağımız deməkdir”.

Müşfiq Ələsgərli bildirir ki, Fuad Abbasovun fəaliyyəti ilə bağlı həm müsbət,  həm də mənfi yöndə müxtəlif məlumatlar var:

“Bunu əlbəttə ki, sadə bir vətəndaşın baxıb müəyyən etməsi və müdafiəyə qalxması çətindir.  Lakin Fuad Abbasov soydaşımızdır, milli fərd  olaraq yersiz təhqirlərə məruz qalıb. Bu təhqirlər baxımıdan da o müdafiə olunmalıdır. Zaman-zaman Fuad Abbasovun fəaliyyətini tənqid edən insanlar hazırda ona dəstəkdirlər. Bu o demək deyil ki, onlar Fuad Abbasovun fəaliyyətinə dəstəkdirlər,  sadəcə onun bir azərbaycanlı olaraq təhqirə məruz qalmasına qarşıdırlar. Düşünürəm ki, etirazlarımızı da bu konteksdən etməliyik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi