Modern.az

Məmmədhəsəni kim tanıyır ki, adı da xəbər başlığına çıxarılsın...

Məmmədhəsəni kim tanıyır ki, adı da xəbər başlığına çıxarılsın...

Media

12 Sentyabr 2019, 08:26

Mətbuat oxucu cəlb etmək üçün bir çox üsullara əl atır. Bu üsullardan biri tanınmış şəxslərlə bağlıdır. Belə ki, hansısa bir tanınmış həkim, jurnalist, yazçı, prokuror, deputat və başqa sahələrin mənsubları ilə bağlı məlumat olduqda onun adını xəbərin başlığına çıxarırlar. Bu, daha çox cinayət motivli xəbərlərdə olur. Həmin adamın özünün də xəbəri olmadan evində baş verən oğurluq, avtomobili ilə qəza törətməsi, axtarışda olması və başqa məsələlərlə bağlı məlumatlar saytların xəbər lentində yer alır. Maraqlı olan məsələlərdən biri bu şəxslər barədə informasiyanın onun özünün xəbəri olmadan mətbuata sızdırılmasıdır.

Kiminsə özünün razılığı olmadan onun haqqında məlumatın mətbuata ötürülməsi, adının xəbər başlığına çıxarılması nə qədər doğrudur? Bununla bağlı hansısa məsuliyyət varmı?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev bildirib ki, onlar məlumat yayanda  şəxsin harada işləməyini, cəmiyyətdə hansı mövqeyi tutmağını qeyd etmirlər:

 

“Jurnalistlər özləri onların hansı vəzifədə çalışdığını, kim olduğunu müxtəlif kanallarla öyrənib yazırlar. Biz hamını eyni vətəndaş kimi qeyd edirik, lazım bilsəydik, şəxsin məlumatlarını öyrənib elə təqdim edərdik.
Polisə ərizə daxil olanda orada həmin şəxsin işi, vəzifəsi, hansısa elmi adı qeyd olunmur. Adı, soyadı, yaşadığı ünvan üzrə onun şikayəti, müraciəti qeydə alındığı kimi, biz də həmin şəkildə şikayətin təmin olunması, cinayətin açılması barədə məlumatı veririk.  Şəxsin işi, tanınmışlığı və cəmiyyətdə tutduğu mövqeni yaydığımız məlumatlarda vermədiyimiz üçün heç kimdən etiraz məktubu almamışıq. Əksinə, bizə gün ərzində 10-dən çox təşəkkür məktubu daxil olur, baş verən cinayətlərin açılmasına görə onlar öz minnətdarlığını bildirirlər”.

 

Hüquqşünas Əliməmməd Nuriyev deyib ki,  şəxsin adının xəbər başlığına çıxarılması  yolverilməzdir.


“Çünki istintaq aparılacaq, əməliyyat-axtarış tədbirləri keçiriləcək şəxsin adının verilməsi ona gətirib çıxarır ki, bəzi hallarda cinayət etmiş şəxslər gizlənmək üçün yeni imkanlar axtarırlar. Xəbərdə adın verilməsi etik baxımdan da uyğun deyil. Çünki bir çox hallarda şəxs arzu etmir ki, onların adı kütləvi informasiya vasitələrində hallansın. Bütün hallarda KİV-də cinayət hadisələri ilə bağlı gedən xəbərlərdə şəxslərin adları dəyişdirilməlidir. Olduğu kimi göstərilməsi yanlışdır, bu həm istintaqın işinə maneə yaradar, həm də şəxsin özünə problem doğura və cinayətkarların tutulmasına əngəl yarada bilər”.

 

Hüquqşünas bildirib ki, xəbər başlığında şəxsin adını yazmaq oxucu cəlb etmək metodlarından biridir:

“Bəzi hallarda bu məlumatlar bilərəkdən sızdırılır. Əgər bu məsələ istintaq sirrinin yayılmasına gətirib çıxarırsa, hüquq-mühafizə orqanları araşdırma aparmalıdır. Məlumatın yayılmasında təqsirli olan şəxslər məsuliyyətə cəlb oluna bilərlər”.

 

Ə.Nuriyev bildirib ki, bəzən saytlar məlumatları şişirdərək yayımlayır.


“İnsanları oğurluq maraqlandırmır, daha çox həmin tanışmış şəxsin oğurlanan pulu necə qazandığı maraqlanırlar.  Bu, ciddi narahatçılığa gətirib çıxarır”.

 

“Yeni Müsavat” qəzetinin kriminal hadisələrdən yazan jurnalisti Elşən Balaxanski isə tanınmış şəxslərin adlarının başlığa çıxarılmasını normal sayır:

“Həmin adam ictimai şəxs olmasaydı, tanınmasaydı, adı da xəbər başlığına çıxarılmazdı. Hansısa bir kənddə Məmmədhəsəni kim tanıyır ki, onun adı xəbər başlığı olsun? Amma hansısa bir vəzifəli şəxsin, tanınmışın adının xəbər başlığına çıxması həmin xəbərin əvvəlcədən oxunacağı təminatını verməkdir”.


Jurnalist bildirib ki, ictimai şəxs adının xəbər başlığından çıxarılması ilə bağlı müraciət edərsə, onun istəyi nəzərə alınmaya bilər:

“İctimai şəxs nəzərə almalıdır ki, onu hamı tanıyır, onun adı xəbər başlığında da ola bilər, hansısa bir çıxışda da çəkilə bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır