Modern.az

Deputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”

Deputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”

12 Sentyabr 2019, 16:41

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində daha 570 evin güzəştli şərtlərlə elanı barədə məlumat açıqlayıb. Məlumat ətrafında gedən müzakirələrdə vətəndaşlar hər kəsin sosial evə sahib olması üçün kateqoriyalara dəyişiklik edilməsi təkliflərini irəli sürüblər. Sosial şəbəkə istifadəçiləri “biz nə vaxt sosial ev ala biləcəyik”, “ev sahibi olmaq üçün mütləq məcburi köçkün olmalıyıq?” “mənim 37 yaşım var deyə evsiz qalmalıyam?” suallarını ünvanlayıblar.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, şərtlərə yenidən baxılmalıdır:


“Zaman-zaman bizə də belə müraciətlər daxil olur. Vətəndaşlar bütün kateqoriyalar üzrə şərlərin əlçatan olmasını istəyirlər. Yaş məhdudiyyəti ciddi problemdir. Məsələn, kateqoriyada 35 yaşlı gənc ailənin üzvü qeyd olunur. Həmin şərtlərə uyğun gələn 36 yaşlı vətəndaş sosial mənzil sahibi olmaq şansını itirir. Çünki qanuna görə 35 yaşını keçənlər gənc sayılmır. Düşünürəm ki, yaş məhdudiyyətinə baxmaq lazımdır.


O cümlədən, mənzillər güzəştli olduğu üçün insanlar daha çox maraq göstərirlər. Mənə elə gəlir ki, Azərbaycanda bu sahədə kifayət qədər təcrübə toplanır. Bu səbəbdən də müəyyən dəyişikliklər edilməlidir ki, hamı ev sahibi olsun. İnsanlar illərlə çalışır, əlləşir-vuruşur ömürləri kirayələrdə keçir. Ona görə də elə etmək lazımdır ki, hamı bu ölkənin vətəndaşı kimi güzəştlərdən istifadə edə bilsin”.

 

Parlamentari ölkədə kifayət qədər yeni çoxmənzilli binaların tikildiyini vurğulayıb:

“Bu baxımdan güzəştli mənzil sahibi olanların kateqoriyasının əhatəsi genişləndirilməlidir. Yaş həddi götürülməlidir, yaxud artırılmalıdır. Yalnız bu halda bir çox insanlar bundan yararlana bilər. Bakıda kifayət qədər binlar tikilir, hətta bəziləri boşdur. Ona görə də insanların mənzil şəraitinin yaxşılaşdırılması üçün mütləq şəkildə kateqoriyalara yenidən baxılmalıdır. Buna çox böyük ehtiyac var”.

 

Hazırda aşağıdakı kateqoriyadan olanlar güşətli mənzil sahibi olmaq hüququna malikdir.

Yaşı 35-dən yuxarı olmayan gənc ailənin üzvü olan aşağıdakı şəxslər: 

- Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları); 

- Milli Qəhrəman (özü, əri/arvadı, övladları); 

- Məcburi köçkün və ya ona bərabər tutulan şəxs; 

- Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

- Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

- Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

- İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);

 

Yaşından və ailə vəziyyətindən aılı olmayan aşağıdakı digər şəxslər:

- Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

- Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

- Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı, 41.0.7—ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

- Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;

- Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;

 

Qeyd edək ki, MİDA-nın təklif etdiyi

1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 47 652 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 65 997 manatdan başlayır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir