Dünya bazarında neftin kəskin bahalaşması İranla ABŞ arasında təxminən iki ay davam edən atəşkəsdən sonra tərəflərin yenidən bir-birinə zərbələr endirməsi ilə bağlıdır
Bu fikirləri Modern.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bahalaşmanın səbəbləri, riskləri və qiymətlə bağlı gözləntiləri şərh edərkən deyib.
O bildirib ki, hərbi eskalasiyanın güclənməsi, qarşıdurmanın dərinləşməsi, eləcə də Hörmüz boğazında tankerlər və yük gəmilərinin minaya düşərək partlaması dünya bazarı səviyyəsində bazar iştirakçılarında narahatlıq yaradıb:
"Bazar iştirakçıları hesab edirlər ki, bu qarşıdurma uzunmüddətli ola bilər. Məhz bu səbəbdən də neftin qiyməti 72 dollardan sürətlə yüksələrək 100 dollar həddini keçdi. Bu, son 22 ayda ilk dəfədir ki, belə yüksək qiymət qeydə alınır. Hazırda isə neft təxminən 98 dollar ətrafında ticarət olunur. Bazar iştirakçıları isə ehtiyat edirlər ki, münaqişə yenidən uzanarsa, mart-aprel aylarında müşahidə olunan vəziyyət təkrarlana bilər".

İ.Şaban xatırladıb ki, bir müddət öncə neftin 1 barelinin qiyməti 126 dollara qədər yüksəlib:
"Düzdür, bu qiymət uzun müddət qorunmadı. Amma istənilən halda 100 dollar səviyyəsi belə dünya bazarında ciddi təlatümlərin göstəricisidir", - deyə o əlavə edib.
Fond rəhbəri hesab edir ki, bazardakı vəziyyətin sonrakı inkişafı əsasən ABŞ Prezidenti Donald Trampın açıqlamalarından və Vaşinqtonun atacağı addımlardan asılı olaraq dəyişəcək:
"Təsəvvür edin ki, Tramp bir-iki saat sonra çıxış edib "hər şey razılaşdırıldı" desə, neftin qiyməti yenidən öz məcrasına qayıdar və ən azı 80 dollar səviyyəsinə qədər enər. Bu isə onu göstərir ki, dünya bazarı hazırda təlatümlüdür, stabillikdən uzaqdır. Belə kəskin qiymət artımları və enişləri nə istehsalçılar, nə də istehlakçılar üçün arzuolunan vəziyyətdir."
Qeyd edək ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti son ticarət sessiyalarında dalğalanma nümayiş etdirib. Belə ki, bir neçə gün öncə neftin bir barrelinin qiyməti 100 dollar həddini aşıb.