"Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin evini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Modern.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Kriminalistik Tədqiqatları İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, RPİ-nin Kriminal Tədqiqatlar qrupu və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilən 2003-cü il təvəllüdlü Nicat Vəliyev və əvvəllər məhkum olunmayan 2005-ci il təvəllüdlü Anar Mahmudov tutulublar.
Xatırladaq ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.