Modern.az

“İnsanların ətraf mühitlə kommunikasiyası məhdudlaşıb” - Hikmət Babaoğlu

“İnsanların ətraf mühitlə kommunikasiyası məhdudlaşıb” - Hikmət Babaoğlu

Aktual

13 Noyabr 2019, 16:48

“2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan məsələlər Azərbaycan vətəndaşının rifahında və onun ailə büdcəsində özünün əksini tapacaq. Məsələyə bu konteksdən yanaşanda, bu il müstəqillik dövrümüzün ən iri maliyyə tutumlu büdcəsini müzakirə etmək hər birimiz üçün böyük qürur mənbəyidir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

 

H.Babaoğlu bildirib ki, bu büdcə ilə ölkəmizdə həyata keçirilən islahatlar arasında dəqiq və sıx bağlılıq var:

 

“Çünki bu büdcəyə nail olmaq üçün mütləq biz ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara  və onların nəticələrinə diqqət yetirməliyik. İslahatlar həyata keçirilməyə başlayanda bəzi müxalif dairələr, radikal ünsürlər bu islahatların nəticələrini şübhə altına almağa çalışırdılar, qeyri-ciddi fikirlər səsləndirirdilər. Bu gün müzakirəyə etdiyimiz büdcə, səsləndirilən rəqəmlər, büdcənin investisiya və sosialyönümlü olması bir daha xəbər ondan verir ki, aparılan islahatlar öz nəticəsini verir. Bu nəticələr maliyyə sənədində də öz əksini tapır. Prezidentin qeyd etdiyi kimi islahatlar təkmilləşmə, tərəqqi və yeni dövrə uyğunlaşmadır. Doğurdan da, ölkəmizdə bu günə qədər həyata keçirilən siyasət Azərbaycanda islahatların yeni mərhələsini təmin etmək üçün şərtlər formalaşdırıb və bu şərtlər də indiki inkişafa gətirib çıxarıb. Amma unutmaq olmaz ki, müzakirə etdiyimiz büdcə, onun gətirəcəyi rifah, inkişaf və tərəqqi sonrakı mərhələdə Azərbaycanın yeni keyfiyyətdə inkişaf mərhələsinə keçməsi üçün də əsaslar yaradacaq”.

 

Deputat deyib ki, həyata keçirilən islahatlar nəticəsində büdcəni təmin edən mənbələr qismində çıxış edən subyektlər, yəni gömrük və vergi orqanlarında şəffaflıq, işə məsuliyyətli yanaşma təmin olunur. Bu da nəticə etibarilə bu mənbələr vasitəsilə büdcəmizə proqnozlardan daha çox əlavə daxilolmaların təmin olmasına imkan yaradır. Bu da mühüm göstəricidir.

 

Hikmət Babaoğlu onu da qeyd edib ki, Azərbaycanda çox böyük layihələr həyata keçirilir. Bunlardan biri də yeni dəmiryolu qovşağının qurulmasıdır ki, Bakı-Tbilisi-Qars dəmiryolu  bu gün qürurla deyə biləcəyimiz layihələrdən biridir.

 

“Bu çox mühüm layihədir. Cənab Prezidentin qeyd etdiyi kimi dəmiryollarının səmərəliliyinə görə, Azərbaycan dünyada 13-cü yerdədir. Fikrimcə, bu, hələ son hədd deyil, çünki yaxşı perspektivlər var. Ancaq mən bu məsələ ilə bağlı bir problemə toxunmaq istəyirəm. Mənim seçildiyim 19 saylı Nərimanov birinci seçki dairəsinin ərazisində Montin-Keşlə dəmiryolu qovşağı var. Burada Məmməd Arif küçəsində bir qrup insan təxminən 50-yə qədər evdə yaşayırlar. Dəmir yolunda təhlükəsizliyin təmin olunması üçün, sürətli qatarların təhlükəsizliyini təmin etmək üçün “Azərbaycan Dəmir Yolları”  QSC tərəfindən xüsusi mühafizə zolaqları yaradılıb. Bu vacib məsələdir. Amma eyni zamanda, həmin insanların ətraf mühitlə kommunikasiyası məhdudlaşıb. Yəni təcili tibbi yardım maşınlarının, yanğınsöndürən maşınların əraziyə girişi üçün yol yoxdur. Mən müvafiq qurumlardan, o cümlədən Maliyyə Naziriliyindən xahiş edirəm ki, bu məsələnin həlli ilə bağlı büdcədən vəsait ayrılsın”, - deyə deputat söyləyib.

 

Hikmət Babaoğlu həmçinin qeyd edib ki, Maliyyə Nazirliyinin büdcə layihəsi hazır olduqdan dərhal sonra bu sənədi özünün elektron səhifəsində yerləşdirməsi yaxşı haldır:

 

“Amma elektron səhifədə vətəndaşların rəy və təkliflərini öyrənmək üçün bölmə də  yaratmaq olar. Vətəndaşlar səmərəli təkliflər verməklə bu prosesə öz töhfələrini verə bilərlər”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...