Modern.az

176 nəfərin adı AZAL-ın “Arzuolunmaz sərnişinlər siyahısı”na düşüb

176 nəfərin adı AZAL-ın “Arzuolunmaz sərnişinlər siyahısı”na düşüb

12 Dekabr 2019, 09:15

“Hazırda “Azərbaycan Hava Yolları”nın (AZAL) “Arzuolunmaz sərnişinlərin siyahısı”na 176 nəfərin adı daxildir”.


Bunu Modern.az-ın sorğusuna cavab olaraq, AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.


AZAL rəsmisinin sözlərinə görə, 2017-ci ildə “Arzuolunmaz sərnişinlərin siyahısı”ndan 49 nəfər, 2018-ci ildə 7 nəfərin adı çıxarılıb.

 

P.Kəsəmənski qeyd edib ki, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır:


“Hava gəmisinin göyərtəsində sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir. Uçuş zamanı hava gəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür. Sərnişin bu qayda pozuntularına yol verdikdə ona qarşı akt tərtib olunur və o, aviaşirkətin “Arzuolunmaz sərnişinlər siyahısı”na daxil edilir.

 

“Azərbaycan Hava Yolları”nın (AZAL) “Arzuolunmaz sərnişinlərin siyahısı” ilə aviaşirkətin saytında tanış olmaq mümkündür. Saytda bununla bağlı xüsusi bir bölmə mövcuddur ki, burada sərnişinin adı, soyadı və pasport nömrəsini yazaraq, onun “arzuolunmaz şəxs” kimi siyahıda olub-olmamadığı və əgər siyahıya daxil edilibsə, bunun hansı səbəbdən edildiyi barədə məlumat almaq mümkündür”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü