Modern.az

Baş Prokurorluqdan İsmayıllıdakı ölüm hadisəsi barədə AÇIQLAMA

Baş Prokurorluqdan İsmayıllıdakı ölüm hadisəsi barədə AÇIQLAMA

18 Yanvar 2020, 12:54

İsmayıllı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, yanvarın 17-də, saat 23 radələrində İsmayıllı rayonu, Ə.Ələkbərzadə küçəsində naməlum şəxs tərəfindən idarə olunan avtomobillə yolu keçmək istəyən piyada - İsmayıllı rayon sakini, 1969-cu il təvəllüdlü Asif Adıgözəlovun vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə İsmayıllı rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb.

 

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

 

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin “VAZ 21011” markalı, 10-FB-092 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İsmayıllı rayon sakini Elçin Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozmaqla törədilməsinə, eləcə də onun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

 

E.Məmmədov yanvarın 18-də Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi