Modern.az

Yeni parlamentdən Qarabağ gözləntiləri: Fraksiya, işğal haqqında qanun, savadlı gənclər və ...

Yeni parlamentdən Qarabağ gözləntiləri: Fraksiya, işğal haqqında qanun, savadlı gənclər və ...

24 Yanvar 2020, 09:00

Fevral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən cəmiyyətin xeyli gözləntisi var.

 

Müxtəlif sahələrin adamları Azərbaycanın bir nömrəli məsələsi hesab edilən Qarabağla bağlı yeni fpormalaşacaq ali qanunverici orqandan gözləntilərini dilə gətiriblər.

 

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, yeni parlamentdə Qarabağla bağlı fraksiya yaradılmalıdır:

 

 

“Bu fraksiya Qarabağ problemi ilə məşğul olan insanları birləşdirsə məqsədəuyğun olar. Yaxşı təcrübə olacaq ki, parlament səviyyəsində formalaşdırılan qrup sırf bu məsələlərlə məşğul olsun. Onların təşəbbüsləri münaqişənin həllinə dair bir çox məqamlara aid ola bilər”.

 

T. Zülfüqarov xatırladıb ki, qanun baxımından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bəzi boşluqlar var:

 

“İlk növbədə işğal haqqında qanun yoxdur. İndiyə qədər təəssüf ki, parlament səviyyəsində bu sahədə tənzimləmə aparılmayıb. Digər ölkələrdə bu kimi məsələlərə aid qanun mövcuddur.

 

Hesab edirəm ki, parlament fraksiyası yaradılsa, həmin məsələlərlə birbaşa məşğul ola bilər”.

 

Yazıçı Seyran Səxavət yeni parlamentdən o qədər də böyük gözləntidə deyil:

 

 

“Biz 30 ildir nəyi gözləyirik? Bir deyim var, “kor-kor, gör-gör”. Torpaqlarımız əlimizdən alınıb. Dünya hüququ bizim tərəfimizdədir, möhtəşəm ordumuz var. Bəs, nəyi gözləyirik? Biz nə parlamentdən, nə də digər strukturlardan gözləntilərimiz olmamalıdır. Ancaq Ali Baş Komandanın əmrini gözləməliyik ki, torpaqlarımız azad olunsun. Mənim yadıma gəlmir ki, son zamanda parlamentdə Qarabağ məsələsi qaldırılsın”.

 

Avropa və Dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev isə vurğulayıb ki, hər ilimiz, hər dəqiqəmiz, hər saniyəmiz onsuz da Qarabağla bağlıdır:

 

 

“Gözləyirik ki, torpaqlarımız azad olunsun. Düşünürəm, proseslər buna doğru da gedir. Sadəcə ortada böyük bir siyasət var. Dövlət rəhbərimiz çalışır ki, qan tökülmədən torpaqlarımız geri qaytarılsın. Fikrimcə, buna nail olacağıq.

 

Növbədənkənar parlament seçkilərində dəyişikliklər göz qabağındadır. Hesab edirəm ki, Azərbaycanda gedən islahatlar dünyanın heç bir yerində getmir. Bu islahatlar özünü doğruldur. Gənc və savadlı kadrlarımızın uğurlu vəzifələrdə təmsil olunması bizi sevindirir”.

 

F. Musayev qeyd edib ki, Milli Məclis vacib orqanlardan biri olduğuna görə, bura savadlı gənclərin seçiləcəyinə ümidlidir:

 

“Hər birimiz əl-ələ verib, Qarabağı azad edəcəyik”.

 

Xalq artisti, xanəndə Mənsum İbrahimov da yeni parlamentdən böyük dəyişikliklər, yeniliklər gözlədiyini söyləyib:

 

“Seçki prosesini müşahidə etdikcə görürük ki, namizədlərin çoxu müxtəlif peşələrin sahibləridir. Ona görə, gəncləşən Milli Məclisdə önəmli qanunlar qəbul olunacağına ümid edirik.

 

Bu gün Azərbaycanda həm daxili, həm də xarici siyasət uğurla davam etdirilir. Bizim qüdrətli ordumuz var. 2016-cı il aprel döyüşləri sübut etdi ki, Azərbaycan ordusu nəyə qadirdir. Siyasət cəhətdən yeni Milli Məclisin fəaliyyəti ilə bağlı nikbinəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub