Modern.az

Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb

Ölkə

16 Fevral 2020, 17:37

Fevralın 15-də Tehranda İran və Azərbaycan üzrə ikinci ixtisaslaşdırılmış turizm simpoziumu keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycanın İrandakı səfirliyi ilə “Aysan Pərvaz” şirkətinin təşkil etdiyi simpoziumda İranda fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri, İqtisadi Əməkdaşlıq Təşkilatının əməkdaşları və media nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkəmizin turizm potensialı haqqında məlumat verib. O qeyd edib ki, ölkələrimizin coğrafi yaxınlığı ikitərəfli əlaqələrin inkişafı üçün böyük imkanlar yaradıb.

 

F.Nağıyev həmçinin vurğulayıb ki, Azərbaycan ilə İran arasında turizm əlaqələri genişlənməkdədir. Ötən il İrandan Azərbaycana gələn turistlərin sayı 255 min nəfərdən çox olub ki, bu da 2018-ci illə müqayisədə 6,3 faiz çoxdur. İran Azərbaycan vətəndaşlarının ən çox ziyarət etdikləri ölkələrdən biridir.

 

Novruz bayramında İrandan Azərbaycana xüsusilə çox turist gəlir. Hazırda Azərbaycana gəlmək istəyən turistlərin səfərlərinin daha da asanlaşması istiqamətində iş aparılır. Ötən ilin dekabr ayının 1-dən İran vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına səfərlərini asanlaşdırmaq məqsədi ilə viza rejimi ləğv edilib. Tehran ilə Bakı arasında hər gün birbaşa təyyarə reysləri təşkil edilib.

 

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə isə İran ilə Azərbaycanın əlaqələrinin səmimi dostluq və qardaşlıq xarakteri daşıdığını söyləyib. O, ölkələrimiz arasında bütün sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb.

 

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov isə çıxışında bildirib ki, Azərbaycan ilə İranın münasibətləri müştərək tarixə, qədim dostluq və qardaşlıq ənənələrinə əsaslanır. Ötən 7 il ərzində Azərbaycan və İran prezidentlərinin 13 görüşü olub, yüksək səviyyəli nümayəndə heyətlərinin 150-dən çox qarşılıqlı səfərləri həyata keçib və 75-dən artıq sənəd imzalanıb.

 

Simpoziumda İranın “Aysan Pərvaz” turizm şirkətinin direktoru Möhsün Dəsmalçi, Naxçıvan Muxtar Respublikası turizm departamentinin rəhbəri Əkbər Novruzov, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev, İran Turizm Agentlikləri Assosiasiyasının sədri Hörmətullah Rəfii və başqaları çıxış edərək turizm əlaqələrinin inkişafı istiqamətindən danışıblar.

 

Sonra Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə İranın Turizm Agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü