“27 Sentyabr – Anım Günü” ilə əlaqədar Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə hər il olduğu kimi, bu il də rayon ərazisində ağacəkmə aksiyası və ümumrayon iməciliyi keçirilib.
Aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ağacəkmə aksiyası rayonun bütün yaşayış məntəqələrini əhatə edib. Aksiya çərçivəsində ərazilərdə abadlıq və təmizlik işləri aparılıb, ümumilikdə 250-dək şam ağacı əkilib.
Ümumrayon iməciliyi çərçivəsində isə rayon ərazisində yerləşən qəbiristanlıqlarda, küçə və prospektlərdə, park və digər ümumi istifadədə olan ərazilərdə genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Ərazilər məişət və digər tullantılardan təmizlənib, qurumuş və baxımsız vəziyyətdə olan gül-çiçəklər yeniləri ilə əvəz olunub, yaşıllıqlara qulluq göstərilib, ağacların ətrafı təmizlənərək səliqəyə salınıb.
Həmçinin küçə və prospektlərdə, eləcə də ümumi istifadə ərazilərində sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər görülüb, ətraf ərazilərin daha səliqəli və baxımlı vəziyyətə gətirilməsi təmin edilib.
Keçirilən ağacəkmə aksiyası və ümumrayon iməciliyi şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, rayon ərazisinin abadlaşdırılması, yaşıllaşdırılması və ekoloji mühitin daha da yaxşılaşdırılmasına xidmət edir.











