Modern.az

Türkiyədə Xocalı prospektinin açılışı və “Hataydan Xəzərə” layihəsinin təqdimatı olub

Türkiyədə Xocalı prospektinin açılışı və “Hataydan Xəzərə” layihəsinin təqdimatı olub

10 Mart 2020, 11:57

Azərbaycan nümayəndə heyəti Türkiyənin Osmaniyə və Hatay bölgəsinə səfər edib.

 

Modern.az xəbər verir ki, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və başqalarının təmsil olunduqları nümayəndə heyəti şəhər mərkəzindəki Xocalı prospektinin açılış mərasimində iştirak ediblər. Sonra Azərbaycan nümayəndələri ilə Osmaniyə valisi Ömer Faruk Coşkun arasında görüş keçirilib.

 

Hatay şəhərinə səfər bu dövlətin ilk və yeganə prezidenti olmuş Tayfur Sökmənin vəfatının qırxıncı ildönümünə həsr olunan anım mərasimindən başlayıb.

 

Mərasimdə böyük öndər Mustafa Kamal Atatürkün və Tayfur Sökmenin abidələri önünə çələng qoyulduqdan sonra İstiklal Marşı səsləndirilib. Tədbirdə çıxış edən Hatay valisi Rahmi Doğan hazırda Türkiyənin daha güclü olduğunu deyib: "Minillik şəhid qanları ilə suvarılan bu müqəddəs torpaqları işğal etmək, parçalamaq və bölmək istəyənlərə bu xalqın övladları canları hesabına cavab verdilər. 1914-cü ildə başlayan Birinci Dünya müharibəsi çox mürəkkəb idi. Ancaq ürəyi cəsarətlə dolu olan bu millətin övladları Kut-ul Amare, Çanakkale, Sarıkamışda üç qitədə, 7 cəbhədə vuruşdular və dastanlar yazdılar. Müstəqillik uğrunda mübarizələri davam etdirdilər".

 

Azərbaycan nümayəndələrinin mərasimə qatılmasından məmnunluğunu ifadə edən vali iki ölkə arasında qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib.

 

Nümayəndə heyəti İdlib şəhərində hərbi əməliyyatlar zamanı yaralanaraq Hatay Dövlət Xəstəxanasında müalicə olunan qəhrəman türk əsgərlərini də ziyarət edib, onlara tezliklə sağalmalarını diləyib. Hərbçilərə Azərbaycan adından sovqat paylanılıb.

 

Sonra azərbaycanlı qonaqlarla vali Rahmi Doğan və Hatay Böyük şəhər bələdiyyəsinin sədri Lütfü Savaş arasında görüş keçirilib.

 

Görüş zamanı iki ölkə arasındakı sosial, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksək münasibətlərdən, Hatay şəhərinin inkişafı istiqamətində görülən işlərdən danışılıb. Azərbaycan nümayəndə heyətinin səfəri yüksək qiymətləndirilib və bu cür görüşlərin qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsindəki əhəmiyyəti vurğulanıb.

 

Azərbaycanlı diplomat Hatay vilayətinə səfər etməkdən məmnunluğunu bildirərək, Türkiyə kimi güclü bir dövlətlə qardaşılıq münasibətlərinin əhəmiyyətinə toxunub.

 

Hatay Böyük şəhər Bələdiyyə Məclisində keçirilən toplantıda isə X.İbrahim, V.Hacıyev, L.Savaş və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Başar Kömür çıxış ediblər. Toplantıda ölkələrimiz arasında sosial, mədəni və iqtisadi sahələrdə əməkdaşlığı dərinləşdirməyi nəzərdə tutan “Hataydan Xəzərə” qardaşlıq körpüsü layihəsinin təqdimatı olub. Qeyd edilib ki, layihə çərçivəsində ölkəmizin bir sıra şəhərləri ilə Hatay bölgəsinin 15 şəhəri arasında qardaşlaşma planlaşdırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır