Modern.az

“Millət vəkili vətəndaşlar qarşısında hesabat verməlidir” - YENİ DEPUTATLARI TANIYAQ

“Millət vəkili vətəndaşlar qarşısında hesabat verməlidir” - YENİ DEPUTATLARI TANIYAQ

Parlament

11 Mart 2020, 18:52

Modern.az “Yeni deputatları tanıyaq” rubrikasına start verir.

İlk müsahibimiz 93 saylı Bərdə şəhər seçki dairəsindən deputat seçilən Fatma Yıldırımdır.

Onunla müsahibəni təqdim edirik.

 

- Fatma xanım, Sizi təbrik edirik və fəaliyyətinizdə uğurlar arzu edirik. Yeni sima, Milli Məclisin yeni üzvlərindən biri olduğunuz üçün Sizi daha yaxından tanımaq istərdik.

- Təbrikiniz üçün təşəkkür edirəm. Özüm haqqında qısaca olaraq bunları deyə bilərəm – mən, 1973-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunu, “Fizika” üzrə fəlsəfə doktoruyam. Karyeramın ilk illərində Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşam.

Sonralar müxtəlif özəl şirkətlərdə insan resurslarının rəhbəri vəzifəsində işləmişəm. 2012–2016-cı illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində, 2016-2018-ci illərdə isə Mənzil İnşaatı Dövlət Agentliyində, 2018-2020-ci illərdə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində İnsan resursları şöbəsinə rəhbərlik etmişəm.

Ötən dövr ərzində mənim əmək fəaliyyətimlə yanaşı ictimai sahədə, diaspora fəaliyyətində də rolum olub. 2003-cü ildə təsis etdiyim “Avropa Azərbaycanlıları Mərkəzi” ictimai təşkilatı Avropada Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, həmçinin Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə kütləvi tədbirlərin keçirilməsində və təbliğat işlərinin aparılmasında böyük işlər görüb.

Ailəliyəm, iki övladım var.

 

- Seçkilərdə rəqibiniz olan namizədlərdən kimlər sizi təbrik edib?

9 fevral 2020-ci il tarixində baş tutmuş parlament seçkiləri öncəsi seçildiyim seçki dairəsi üzrə qeydə alınmış namizədlər arasında qaydalara uyğun, ədalətli və sağlam rəqabət mühiti şəraitində təbliğat-təşviqat işləri həyata keçirildi. Hər bir namizədə sərbəst şəkildə öz təbliğat kampaniyasını aparmaq, seçicilərlə görüşlər keçirməsi və öz platformasını açıqlaması üçün hər bir şərait yaradıldı. Ədalətli seçkilərdən sonra bir neçə rəqib namizəd ilkin nəticələr açıqlandıqdan sonra məni təbrik etdilər.

 

 

- Parlament fəaliyyətinizdə ilk işiniz, atacağınız addım nə olacaq? 

Hər bir millət vəkili fəal olmalıdı, xalqın arasında olmalı, vətəndaşların hər bir problemi ilə maraqlanmalı, bu məsələlərə qarşı həssas davranmalı və onların həlli üçün bacardığı bütün imkanları səfərbər etməli, seçicilərin səsini dövlət orqanları və digər aidiyyəti qurumlara vaxtında çatdırılmasına səy göstərməlidir. Buna görə, Bərdə sakinlərinin millət vəkili olaraq işimizi daha da səmərəli qurmağı planlaşdırıram.

Atacağım ilk addım  ictimai nəzarəti gücləndirmək olacaq. Sakinləri narahat edən məsələlər barədə maksimum tez bir vaxtda məlumatlı olmaq üçün ictimai əsaslarla könüllü  köməkçilərimin ərazi üzrə seçilməsi və beləliklə, yerli sakinlərlə effektiv əlaqənin qurulması həyata keçiriləcək.

Eyni zamanda, ilk dəfə seçilən millət vəkili kimi üzvü olacağım komitələrin işi və qanunları ilə tanış olacağam.

 

- Seçildiyiniz dairə həm də Azərbaycanda ən çox məcburi köçkünün məskunlaşdığı ərazidir. Əhalinin bu qrupunun problemlərini həll etmək üçün hansı planlarınız var?

Bərdə Qarabağın qapısı hesab edilir. Burada xeyli sayda məcburi köçkünlər məskunlaşıb.  Amma buna baxmayaraq, onların aid olduqları rayon üzrə seçilən deputatları və yerli icra nümayəndəlikləri var. Dövlətin düzgün siyasəti nəticəsində məcburi köçkünlərin mənzil, məişət problemlərinin həll edilməsi istiqamətində böyük işlər görülüb. Məsələn, Bərdə rayonunda olanların hamısı evlə təmin edilib.

Amma təbii olaraq, problemlər də hələ ki, qalır. Ümumiyyətlə, hər bir Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünlərimizin problemlərinə diqqətlə, həssaslıqla yanaşmalıdır. Millət vəkili olduğum dövrdə seçicilərimlə - qaçqın, məcburi köçkünlər və digər kateqoriyalardan olan şəxslərlə mütəmadi görüşlər keçiriləcək, hər bir vətəndaş müraciəti diqqətlə araşdırılacaq və qaldırılan məsələlərin həlli istiqamətində səlahiyyətim və imkanlarım çərçivəsində zəruri işlər görüləcək.

 

 

- Hər bir deputat seçildiyi dairə ilə yanaşı, həm də bütün ölkə əhalisini parlamentdə təmsil edən vəkil hesab olunur. Seçicilərinizin və ümumi ölkə əhalisinin problemlərini Milli Məclisdə hansı şəkildə qaldırmağı düşünürsünüz?

- Düzgün qeyd edirsiniz ki, hər bir millət vəkili öz seçiciləri ilə yanaşı hər bir ölkə vətəndaşının da maraqlarının müdafiəçisi olmalıdır. Bildiyiniz kimi ölkə başçısının və Yeni Azərbaycan Partiyasının siyasətinin mərkəzində həmişə Azərbaycan vətəndaşı dayanır.

Həyata keçirilən dövlət siyasətinin, reallaşdırılan bütün layihələrin əsas məqsədi məhz ölkə vətəndaşlarının sosial rifahının yüksəldilməsinə və onların layiqli həyat səviyyəsinin təmin olunmasına nail olmaqdan ibarətdir.

Yeni Azərbaycan Partiyasının üzvü kimi mənim də fəaliyyətimin qayəsini məhz vətəndaşlara xidmət təşkil edir. Bu səbəblə hər bir vətəndaşın müraciətini diqqətdə saxlayacam, onların problemlərinin operativ şəkildə həlli üçün əlimdən gələni edəcəyəm.

 

Milli Məclisdə fəaliyyətiniz yəqin ki, şəxsi həyatınıza da təsirsiz ötüşməyəcək. Bu işlə paralel olaraq, ailənizə, dostlarınıza və yaxınlarınıza vaxt ayıra biləcəksiniz? 

Hesab edirəm ki, hər bir insan üçün iş və şəxsi həyatı arasında balansın yaradılması onun xoşbəxtliyi və səmərəli fəaliyyəti üçün vacib şərtdir. Həmçinin, hər bir azərbaycanlı kimi mənim üçün də ailə və dostlarla yaxşı münasibət, əlaqələr əhəmiyyətlidir. Çalışdığım müddət ərzində müxtəlif rəhbər vəzifələrlə bərabər, hər zaman ictimai-siyasi fəaliyyətlə də məşğul olmuşam. Yeni Azərbaycan Partiyasının ərazi üzrə təşkilatlarının sədr müavini, eyni müddət ərzində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşam. Həmçinin xaricdə yaşadığım müddətdə də diaspor təşkilatının rəhbərliyini həyata keçirmişəm. Bu səbəbdən mən bütün həyatım boyu bu balansın qorunub saxlanmasına çalışmışam, qarşılıqlı olaraq ailəmdə mənə daima dəstək olub. Millət vəkili olaraq da bu balansı qoruyub saxlamağa çalışacağam.

 

- Hər bir insanın özünü dərk etdiyi vaxtdan müəyyən məqsədləri, çatmaq istədiyi hədəflər olur. Deputat olmaq əvvəldən hədəfləriniz arasında olub?

Ötən dövr ərzində mənim əmək fəaliyyətimlə yanaşı ictimai sahədə, diaspora fəaliyyətində də fəal rolum olub. Mən həmişə ölkəmin inkişafı, milli maraqlarımızın müdafiəsi, xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində çox çalışmışam. Bu sahədə daha səmərəli fəaliyyət göstərmək üçün həmişə millət vəkili olaraq xalqımıza daima xidmət göstərmək istəmişəm. Hesab edirəm ki, qeyd etdiyim işlərin görülməsi üçün millət vəkilinin geniş imkanları mövcuddur.

 

- Bir deputatın parlament fəaliyyəti təkcə seçicilərin problemlərini qaldırmaq, onların həllinə çalışmaqla kifayətlənmir. Bəs, qanunvericilik və xarici ölkələrdə Azərbaycanı təmsil etmək baxımından hansı planlarınız var?

 

- Əbəttə, qanunvericilik hakimiyyəti orqanı olan Milli Məclisin əsas fəaliyyəti məhz ölkənin inkişafını və milli təhlükəsizliyini təmin edən güclü normativ hüquqi bazanın yaradılmasından ibarətdir. Ona görə, mövcud problemlərin və qanunvericilik aktlarında mövcud olan boşluqların təhlili, beynəlxalq təcrübənin öyrənilməsi əsas addımlarımdan olacaq. Həmçinin vətəndaşlarımızın təklifləri əsasında müxtəlif normayaratma və qanunvericilik təşəbbüsləri ilə çıxış edəcəyəm, irəli sürülən normativ aktların layihələrə münasibət bildirəcəyəm.

Digər qeyd etdiyiniz məsələ də olduqca aktualdır və daima diqqət mərkəzində olmalıdır. Hesab edirəm ki, hər bir millət vəkili Azərbaycanın mədəniyyəti, tarixi, əldə olunan nailiyyətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması, ölkəmizin təbliğatının aparılması, onun müsbət imicinin yaradılması və qorunub saxlanması üçün bütün uyğun vasitələrdən istifadə etməlidir. Bu zaman ənənəvi platformalarla (parlamentlərarası komissiyalar, konfranslar, forumlar, görüşlər, mətbuat və s.) yanaşı, internetin və sosial şəbəkələrin yaratdığı geniş imkanlardan da istifadə olunmalıdır.

 

 

- Bəzən parlamentarilər gördüyü işlərdən çox mətbuatda səsləndirdiyi qalmaqallı açıqlamalardan tanınırlar. Bir çoxları isə daha çox iş görür, lakin mətbuata qapalı deputat kimi yaddaşda qalıb. Sizcə, deputat mətbuatla əlaqələrini necə qurmalıdır? 

 

- Məncə, hər bir millət vəkili faydalı ictimai işləri, vətəndaşların və ölkənin maraqlarının qətiyyətli müdafiəsi, qanunvericilik sahəsində səmərəli fəaliyyəti ilə gündəmdə olmalıdır. Mən deputatların mətbuatla, ictimaiyyətlə aktiv əlaqədə olmasının tərəfdarıyam. Çünki Milli Məclisin deputatı ictimai vəzifə tutduğundan, millətin vəkili olduğundan ictimaiyyət üçün də açıq olmalı, hər bir fəaliyyəti ilə bağlı vətəndaşlar qarşısında hesabat verməlidir.

 

- Milli Məclisin deputatı olaraq, seçicilərinizə və bütün ölkə əhalisinə sözünüz varmı?

 

- Milli Məclisə seçilmiş bütün həmkarlarımı təbrik edir və millət vəkili kimi gələcək fəaliyyətlərində onlara uğurlar arzu edirəm.

Yeni parlamentin həyata keçirəcəyi səmərəli və mütərəqqi qanunvericilik fəaliyyəti ölkəmizin bütün istiqamətlərdə daha da inkişafı və güclənməsi üçün möhkəm və dayanıqlı hüquqi zəmin yaradacaq.

Həmçinin, qeyd etmək lazımdır ki, parlamentin daha səmərəli fəaliyyəti üçün onun vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlığı, qanunvericilik fəaliyyətində müxtəlif sahələrdən olan ekspertlərin, Qeyri-Hökumət Təşkilatları nümayəndələrinin və digər maraq qruplarının iştirakının təmin edilməsi olduqca vacibdir. Bütün bunlar Milli Məclisdə qəbul edilən normativ sənədlərin geniş maraq və tələbatları əks etdirməsinə, daha effektiv və çevik tənzimləmə mexanizmlərinin qurulmasına imkan yaradacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü