Modern.az

Dünyanın ən böyük qəbiristanlığı - Burada 6 milyon insan dəfn olunub

Dünyanın ən böyük qəbiristanlığı - Burada 6 milyon insan dəfn olunub

Reportaj

Bu gün, 08:50

İraqda şiələr üçün müqəddəs sayılan Nəcəf şəhərinin kənarında dünyanın ən böyük qəbiristanlığı yerləşir. “Vadi əs-Salam” adlanan bu məzarlıqda 5-6 milyon insanın dəfn edildiyi bildirilir.

Modern.az xəbər verir ki, qəbiristanlığın ərazisi 9 kvadrat kilometrdən çoxdur və burada artıq 1400 ildən çoxdur ki, dəfn mərasimləri keçirilir.

Ərəb dilindən tərcümədə “Sülh vadisi” mənasını verən Vadi əs-Salam UNESCO-nun Ümumdünya İrs Siyahısına namizəd obyektlərin ilkin siyahısına daxil edilib.

Bu, sadəcə dünyanın ən böyük qəbiristanlığı deyil. İraqla yanaşı, şiəliyin geniş yayıldığı digər ölkələrdən olan insanlar da öləndən sonra burada dəfn edilmək istəyirlər. Şiəlik İslamın ikinci ən böyük qoludur və dünya müsəlmanlarının təxminən 10-15 faizini əhatə edir.

Göydən şəhərə, yerdən labirintə bənzəyir

Vadi əs-Salama quş uçuşu hündürlüyündən baxanda nəhəng şəhəri xatırladır. Yer səviyyəsində isə qəbiristanlıq məqbərələr, dar və dolanbac keçidlər, başdaşıları və müxtəlif tikililərdən ibarət böyük bir labirint təsiri bağışlayır.

Qəbiristanlığın Nəcəf şəhərinin kənarında yerləşməsi onun dini əhəmiyyətini daha da artırır. Burada Məhəmməd peyğəmbərin əmisi oğlu və kürəkəni, həmçinin şiələrin ilk imamı hesab edilən Əli ibn Əbu Talib dəfn olunub.

Məhz buna görə şiələr arasında Vadi əs-Salamda dəfn olunmaq xüsusi əhəmiyyət daşıyır.

Peyğəmbərlərin və tarixi şəxslərin məzarları


Qəbiristanlıqda bir sıra islam peyğəmbərlərinin, o cümlədən Hud və Salehin məzarlarının olduğu bildirilir.

Burada təkcə dini deyil, tarixi və ictimai-siyasi xadimlərin də məzarları yerləşir. Onların arasında islam ilahiyyatçısı və iraqlı siyasi fəal Məhəmməd Baqir əs-Sədr də var.

Qəbiristanlığın ərazisində 1980-ci illərdə baş vermiş İran-İraq müharibəsində həlak olanlar üçün ayrıca bölmə də yaradılıb.

Gündə 250 nəfərin dəfn edildiyi vaxtlar olub

Hhesablamalara görə, son 1400 il ərzində Vadi əs-Salamda 5-6 milyon insan dəfn edilib.

Burada qədim dövrün peyğəmbərləri ilə yanaşı, müasir müharibələrdə həlak olan insanlar da torpağa tapşırılıb. Qəbiristanlıqda 2003-2011-ci illərdə İraqdakı müharibə və İŞİD-lə qarşıdurmalar zamanı öldürülənlərin də məzarları var.

İraqdakı müharibənin ən qızğın dövründə Vadi əs-Salamda gün ərzində 250-yə qədər insanın dəfn edildiyi bildirilir.

2014-cü ildə “İslam Dövləti” (İŞİD) İraqın bir hissəsinə nəzarəti ələ keçirdikdən sonra isə qəbiristanlıqda gündəlik dəfnlərin sayı təxminən 200 nəfərə çatıb.


Qəbiristanlıqla bağlı sirli inanclar

Vadi əs-Salam ətrafında müxtəlif əfsanə və inanclar da mövcuddur. Yerli sakinlər arasında qəbiristanlıqda cinlərin və digər pis ruhların yaşadığına dair inanclar yayılıb.

Tarixi baxımdan bu inanclar İslamın VII əsrdə yayılmasından əvvəl regionda mövcud olmuş mifologiyanın izləri ilə əlaqələndirilir.

1400 ildən artıqdır ki, insanların dəfn edildiyi Vadi əs-Salam bu gün də fəaliyyət göstərir və dünyanın ən böyük qəbiristanlığı kimi öz miqyasını qoruyur.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı