Modern.az

Yeni hökumətin təzə parlamentə ilk HESABATI - Nələrə şahid olacağıq?..

Yeni hökumətin təzə parlamentə ilk HESABATI - Nələrə şahid olacağıq?..

8 Aprel 2020, 12:34

Aprelin 9-da Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair hesabatı müzakirə ediləcək. 

Modern.az-ın xəbərinə görə, hesabatı Baş Nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.

Bu, yeni tərkibli Nazirlər Kabinetinin təzə parlamentə verəcəyi ilk hesabat olacaq.

Qeyd edək ki, Azərbaycanda keçirilmiş 2018-ci il prezident seçkilərindən sonra ölkə rəhbəri əsas istiqamətlər üzrə hədəflərə çatmaq üçün ciddi struktur və kadr islahatlarının aparılacağını bəyan etmişdi.  

Prezident İlham Əliyev bununla bağlı verdiyi mesajlarda struktur və kadr islahatlarının əsas məqsədinin idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və dəyişikliklərə adekvat uyğunlaşmanı təmin etmək olduğunu bildirib.

“Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”,-deyə Prezident İlham Əliyev islahatlarla bağlı verdiyi mesajlarda qeyd edib.

Və 2018-2019-cu il Azərbaycanda geniş islahatlar ili oldu - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edildi. 


Hökumətin idarəetməsində struktur köhnəldiyindən ölkə başçısı bir sıra islahatlara getdi, Baş Nazir, onun müavinləri, bəzi nazirlər və komitə sədrləri dəyişdirildi. Yaşlı kadrlar nisbətən cavanlarla əvəz edildi.

Baş nazir postuna Əli Əsədov gətirildi. Baş nazirin yaşlı müavinləri ixtisara salındı, ardınca Şahin Mustafayev Baş nazirin müavini vəzifəsinə aparıldı.

Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildi və Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin olundu.

Əmək və əhalinin sosial müdafiəsi naziri postu Sahil Babayevə, Gömrük Komitəsinin sədri vəzifəsi Səfər Mehdiyevə həvalə olundu.

Kənd Təsərrüfatı Nazirliyi kimi strateji əhəmiyyət daşıyan qurumun rəhbərliyi İnam Kərimova tapşırıldı.

Dəyişiklikləri digər nazirliklərdə də gördük: Ceyhun Bayramov Təhsil naziri, Vilayət Eyvazov Daxili işlər naziri, Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri, Mədət Quliyev Müdafiə sənayesi naziri postunda əyləşdi.

Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin, Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin, Fuad Nağıyev Dövlət Turizm Agentliyinin, Anar Quliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri təyin edilib.

İslahatların davamı olaraq Prezident Administrasiyasında çox ciddi dəyişikliklər aparıldı, burada da ciddi kadr yeniliklərinin şahidi olduq.

Prezident İlham Əliyev ötən ilin sonlarında islahatlardan danışarkən bildirmişdi:

“İşə yanaşma tərzi dəyişir. Azərbaycan yeniləşir, Azərbaycanın yeni siması ortalığa çıxır, iqtidarın yeni siması ortalığa çıxır - müasir dövrə uyğun, cəmiyyətimizin gözləntilərinə uyğun və bizim inkişaf strategiyamıza uyğun. Hər şey buna bağlıdır. İlk növbədə, bizim milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların rahat yaşaması, sosial rifah və kadrlar bu məqsədlərə qulluq etməlidirlər. O kadrlar ki, bu məsuliyyəti dərk etmir, onlar əlbəttə, ən yaxşı halda vəzifədən uzaqlaşdırılır. Yaxud da, onlara qarşı daha ciddi tədbirlər görülür və görüləcək”.


İslahatlar Azərbaycan parlamentindən də yan keçmədi. 2019-cu ilin dekabrında mövcud parlamentin dövlət başçısının həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması nəzərə alnaraq, qanunverici orqanın buraxılması barədə qərar qəbul edildi.

Ardınca 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi və Milli Məclis yenidən formalaşdı...

VI çağırış Milli Məclisin rəhbərliyində də yeni simalar gördük: Sahibə Qafarova Milli Məclisin sədri, Əli Hüseynli Milli Məclisin sədrinin I müavini, Adil Əliyev və Fəzail İbrahimli sədr müavinləri seçildilər.

Eyni zamanda parlamentin komitə sədrləri də dəyişdi...

Beləliklə, aprelin 9-da Milli Məclisin yeni heyəti Əli Əsədovun rəhbərlik etdiyi kabinetin hesabatını dinləyəcək... Maraqlı müzakirələr gözlənilir...


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı