Modern.az

“Milli Məclis Prezidentin qarşıya qoyduğu mühüm vəzifələri uğurla yerinə yetirməyə çalışacaq” - MÜSAHİBƏ

“Milli Məclis Prezidentin qarşıya qoyduğu mühüm vəzifələri uğurla yerinə yetirməyə çalışacaq” - MÜSAHİBƏ

Parlament

17 Aprel 2020, 10:13

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Azərtaca-a müsahibə verib.


Modern.az
həmin müsahibəni təqdim edirik.

- Sahibə xanım, bu, Milli Məclisin Sədri kimi sizinlə ilk müsahibəmizdir. Fürsətdən istifadə edib, sizi bir daha təbrik edir və uğurlar arzulayırıq.

- Təşəkkür edirəm, sağ olun!

- Bildiyimiz kimi, bu il fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif çıxış və nitqlərində bu seçkiləri Azərbaycanın demokratik inkişafı istiqamətində atılmış növbəti addım kimi dəyərləndirib. Seçkiləri izləyən beynəlxalq və yerli müşahidəçilərin mütləq əksəriyyəti də prosesi müsbət qiymətləndirib. Mövzunun aktuallığını nəzərə alaraq, sizin də bununla bağlı ümumi bir dəyərləndirmə aparmağınızı xahiş edirik.

- Azərbaycanın demokratik inkişafı tarixində mühüm mərhələlərdən birini təşkil edən 9 fevral Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər azad, şəffaf və ədalətli şəkildə keçirilmişdir. Azərbaycan xalqının, Azərbaycan seçicisinin iradəsi bu seçkilərin nəticəsində ifadə olunmuşdur. Rekord sayda - 1300 nəfərdən çox namizədin iştirak etdiyi prosesdə bütün namizədlərə bərabər imkanlar yaradılmış, onların seçicilərlə görüşləri, öz fikirlərini, düşüncələrini seçicilərə sərbəst çatdırmaları üçün hər cür şərait təmin edilmişdir.

Bununla yanaşı, Azərbaycan dövləti seçkiləri izləmək üçün bir çox beynəlxalq təşkilatları, müşahidəçiləri dəvət etmiş, çoxsaylı beynəlxalq müşahidəçilər seçki prosesinin bütün mərhələlərində müşahidə aparmışlar. Ümumilikdə, 880-dən artıq beynəlxalq müşahidəçi seçkiləri izləmişdir ki, onlar da 58 ölkəni və 59 beynəlxalq təşkilatı təmsil etmişlər. 200-ə yaxın xarici kütləvi informasiya vasitəsinin əməkdaşları prosesi müşahidə etmiş və geniş işıqlandırmışlar. 77 min 800-ə yaxın yerli müşahidəçi müvafiq seçki qurumlarında qeydiyyatdan keçərək müşahidə aparmışlar, 4 təşkilat "exit-poll" həyata keçirmişdir. Müşahidəçilərin mütləq əksəriyyətinin prosesi müsbət dəyərləndirməsi də bir daha bu gerçəkliyi ifadə edir ki, 9 fevral seçkiləri bütün demokratik meyarlara cavab vermişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev də bir çox çıxış və nitqlərində, o cümlədən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı geniş nitqində seçkilərlə bağlı fikirlərini bildirmiş, seçki prosesinin uğurla keçdiyini söyləmiş, seçkilərin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini qeyd etmişdir.

- Yeri gəlmişkən, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında söylədiyi nitqində parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verdi. Aprelin 14-də keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə də dövlətimizin başçısı Milli Məclisdə islahatlar, parlamentdə baş verən dəyişiklərlə bağlı təhlillər apardı. Bu mesajlar nədən ibarətdir və parlamentin qarşıdakı dövrdə fəaliyyətində hansı istiqamətlər prioritet olacaq?

- Möhtərəm Prezidentimizin həm altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında söylədiyi nitqində, həm də aprelin 14-də keçirilən müşavirədə irəli sürdüyü dəyərli tövsiyələr bizim fəaliyyətimizin əsas istiqamətlərini müəyyənləşdirir və biz bunu "yol xəritəsi" olaraq qəbul edirik. Əlbəttə ki, Azərbaycan Respublikası Milli Məclisi bu böyük inamı və etimadı doğrultmağa, xalqımızın və ictimaiyyətin gözləntilərinə cavab vermək üçün daha səmərəli fəaliyyət göstərməyə, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır. Bu vəzifələr, ilk növbədə, ondan ibarətdir ki, Milli Məclis qanunvericilik sahəsində müasir tələblərlə ayaqlaşan, ölkəmizin reallıqlarına və inkişaf dinamikasına əsaslanan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən quruculuq işlərinin hüquqi bazasının möhkəmləndirilməsinə xidmət edən yeni qanunvericilik təşəbbüsləri ilə çıxış etsin. Həmçinin Azərbaycan üçün prioritet təşkil edən könüllülük hərəkatı, gənclərlə iş, informasiya təhlükəsizliyi, sosial-müdafiə və digər sahələrdə yeniləşən, müasirləşən ölkə həyatının standartlarına cavab verən qanunvericilik bazasının yaradılması istiqamətində addımlar atılmalı, qanun yaradıcılığında keyfiyyət tələbləri üstün tutulmalıdır. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, bu günə qədər altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin artıq beş iclası keçirilib ki, bu iclaslarda da 44 qanun və qərar qəbul olunub.

Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir. Məlumat üçün bildirim ki, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələrinin genişləndirilməsi üzrə 82 dostluq qrupu, 11 beynəlxalq parlament təşkilatında nümayəndə heyətləri və iki ikitərəfli komissiya fəaliyyət göstərir. Parlamentimiz dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək, beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına, beynəlxalq təmsilçilik məsələlərinə diqqəti daha da artıracaq. Xüsusilə, parlament diplomatiyasının geniş imkanlarından faydalanaraq, möhtərəm Prezidentimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində apardığı ardıcıl və qətiyyətli siyasətə dəstək verəcəkdir. Həmçinin deputatlarımız seçicilərlə işin daha müasir və fəal əsaslarda qurulmasına, fəaliyyətlərində hesabatlılığa xüsusi diqqət yetirəcək, seçicilərlə sıx təmasda olacaqlar. Yəqin ki, müşahidə edirsiniz, demək olar ki, bütün deputatlarımız karantin rejiminə əməl etməklə, seçicilərlə onlayn görüşlər keçirir, müasir texnologiyalardan faydalanaraq onlarla ünsiyyət qururlar. Qarşıdakı dövrdə bu təmasların daha da sıxlaşacağını əminliklə söyləyə bilərik.

- Sahibə xanım, son illərdə ölkəmizdə demək olar ki, həyatın bütün sahələrində genişmiqyaslı islahatlar reallaşdırılır. Bu islahatlar yeni mərhələdə ölkəmizin qarşısında duran çağırışlara müvəffəqiyyətlə uyğunlaşmaq, müasirləşmək məqsədlərinə xidmət edir. Siz bu islahatları necə qiymətləndirirsiniz?

- Təbii ki, Azərbaycanda əldə olunan müsbət nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi, 2020-ci ilin ilk rübünün göstəriciləri, həyata keçirilən uğurlu, düşünülmüş siyasətin, aparılan çoxşaxəli islahatların gündəlik həyatda öz təsdiqini tapmasını əks etdirir. Bu, bütün sahələrdə böyük nailiyyətlərin qazanılması və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradır. Xüsusilə, dərin islahatlar ili kimi xarakterizə olunan 2019-cu ildə reallaşdırılan genişmiqyaslı islahatlar ölkə və cəmiyyət həyatının bütün sahələrini əhatə etməklə respublikamızın qarşısında yeni inkişaf perspektivləri yaradıb. Ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, milli istehsalın və ixracın genişləndirilməsi, regional inkişaf proqramlarının uğurlu icrası və iqtisadi aktivlik coğrafiyasının regionlara doğru genişlənməsi, modern sənaye quruculuğu, qeyri-neft sektorunun sabit inkişafının təmin olunması kimi başlıca strateji vəzifələrin yerinə yetirilməsi Azərbaycanın iqtisadi həyatında çox ciddi nailiyyətlərin qazanılmasını şərtləndirmişdir. Bu gün qlobal iqtisadi sferada müşahidə olunan mənfi tendensiyalar və risklər fonunda Azərbaycan özünün iqtisadi məkanını mənfi təsirlərdən qoruya, bu cür meyillərə qarşı ciddi müqavimət göstərə bilir. Qlobal pandemiya dövründə ölkəmizdə ümumi daxili məhsul 1,1 faiz artıb, qeyri–neft sektorunda 3 faizdən çox artım olub, qeyri–neft sənaye sektorunda isə artım 23 faizdir. Bu da, ilk növbədə, onunla əlaqədardır ki, ölkəmizin iqtisadi sütunları möhkəmdir, kifayət qədər böyük iqtisadi imkanlara və resurslara malikdir. Azərbaycan heç bir beynəlxalq donor təşkilatdan asılı olmadan milli iqtisadiyyatını inkişaf etdirmək gücündədir. Bu da həyata keçirilən məqsədyönlü islahatların daha bir uğurlu göstəricisi kimi dəyərləndirilməlidir.

O da məlumdur ki, ölkəmizin iqtisadi imkanlarının genişlənməsi və iqtisadi qüdrətinin artması daha səmərəli və çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan verir. Başqa sözlə desək, Prezident İlham Əliyevin ardıcıl və davamlı islahatlar kursu, qazanılan iqtisadi nailiyyətlər ölkə vətəndaşlarının rifahında hərtərəfli əksini tapır. Ötən il həyata keçirilən böyük sosial paket 4,2 milyon vətəndaşımızı əhatə etməklə, onların maddi-rifah halının əsaslı şəkildə yaxşılaşmasını təmin etdi. Əməkhaqqı və pensiyaların artırılması, aztəminatlı ailələrə yardımların edilməsi, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə veteranlarının həyat şəraitinin yaxşılaşdırılması və bu istiqamətdə atılan digər addımlar Azərbaycanda sosial siyasətin prioritet təşkil etdiyini və ölkə vətəndaşlarının maraqlarının, mənafeyinin hər şeydən üstün olduğunu göstərir. Cari ildə də sosial layihələrin davam etdirilməsi, bu sahədə heç bir proqramın ixtisar edilməməsi sübut edir ki, Azərbaycan dövləti yalnız öz gücünə, öz imkanlarına arxalanaraq genişmiqyaslı sosial proqramlar həyata keçirir, dövlətimizin və xalqımızın maraqlarına, mənafeyinə söykənən qərarlar qəbul edir.

Qeyd etməliyik ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar uğurlu siyasi islahatlarla tamamlanır. Həm konseptual, həm də struktur xarakteri daşıyan bu islahatlar dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, optimallaşdırılması, səmərəliliyinin artırılması, qərarların icrası mexanizminin müasir tələblərə uyğunlaşdırılması və yeni keyfiyyət mərhələsinə yüksəldilməsi məqsədlərinə xidmət edir. Eyni zamanda, Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması, ictimai və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması ilə yeni və ciddi keyfiyyət dəyişikliyinə nail olunması, həyata keçirilən kadr islahatları müasir mərhələdə Azərbaycanda praqmatik, düşünülmüş siyasi kursun reallaşdırılmasını təsdiq edir.

Beləliklə, Azərbaycanda sistemli islahatlar cari ildə də davam etdirilir, dövlət idarəetmə sistemi, icra və qanunverici hakimiyyəti və digər institusional sahələri əhatə edir. Möhtərəm Prezidentimizin müşavirədə bu mövzuya xüsusi diqqət ayırması, islahatların əhəmiyyətini və uğurlu nəticələrini diqqətə çatdırması göstərir ki, müasirləşməyə, yeniləşməyə, ölkəmizin daha da inkişafına xidmət edən bu siyasi kurs ardıcıldır və gələcək dövrlərdə də uğurla reallaşdırılacaq.

- Milli Məclisin Aparatında və İşlər İdarəsində aparılan struktur islahatları barədə nə demək olar? Bu islahatları zəruri edən şərtlər nədən ibarətdir?

- Təbii ki, Azərbaycanda həyata keçirilən və bir qədər əvvəl qeyd etdiyimiz çoxşaxəli islahatlar ölkə həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan Respublikası Milli Məclisinin də fəaliyyətinin yenidən qurulması, tərkibinin yenidən formalaşması zərurətini yaratmışdı. Buna görə də Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Milli Məclisin cənab Prezidentə müraciəti əsasında növbədənkənar parlament seçkiləri təyin olunmuş və keçirilmiş, Milli Məclis yeni tərkibdə formalaşmışdır. Milli Məclisin ilk iclasında isə qurumun rəhbərliyi tam tərkibdə dəyişmişdir. İlk dəfə olaraq, müxalifət partiyasını təmsil edən deputat Milli Məclisin Sədr müavini seçilmişdir. Həmçinin komitələrin sədr və sədr müavinləri sırasında müxalifət partiyalarının təmsilçiləri də yer almışdır. Möhtərəm Prezidentimizin də həmin müşavirədə qeyd etdiyi kimi, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açır. Bu, eyni zamanda, Milli Məclisdə gedən proseslərə də müsbət təsir göstərəcək. Siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi həm də Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinə, siyasi münasibətlərin sağlam zəmində qurulmasına xidmət edir. Eyni zamanda, bu addımlar sübut edir ki, Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Bunun üçün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə çox ciddi, qətiyyətli siyasi iradə nümayiş etdirilir.

Milli Məclisin Aparatında və İşlər İdarəsində aparılan struktur islahatlarına gəldikdə isə burada da məqsədimiz istər parlament Aparatının, istərsə də İşlər İdarəsinin daha müasir əsasda yenidən qurulmasına, iş prosesində şəffaflığın təmin edilməsinə nail olmaqla daha çevik və daha səmərəli fəaliyyətin təşkil olunmasıdır. Hesab edirik ki, Azərbaycan xalqının, seçicilərin də gözləntiləri bu yöndədir.

- Sahibə xanım, bu gün nəinki ölkəmizdə, eləcə də dünyada gündəmin əsas müzakirə mövzusu yeni növ koronavirusun sürətli yayılması və ona qarşı qlobal miqyasda görülən tədbirlərdir. Azərbaycanda bu epidemiyanın yayılmasının qarşısının alınması istiqamətində çox ciddi addımlar atılır. Siz ölkəmizdə epidemiyaya qarşı görülən işləri və onun nəticələrini necə qiymətləndirirsiniz?

- 2019-cu ilin sonlarında aşkara çıxan bu virusun yayılması ötən aylar ərzində nəinki səngiməyib, əksinə, daha geniş yayılaraq bu gün çox təhlükəli bir hal alıb. Dünya son onilliklərdə bəlkə də ilk dəfə belə böyük pandemiya ilə üzləşib. Bu virus hər bir dövləti, hər kəsi təhdid edir, heç bir sərhəd tanımır. Elə onun yayılma arealına və sürətinə nəzər yetirəndə hər şey aydın görünür. Hər gün yüzlərlə insanın bu virusdan həyatını itirməsi, yeni insanların bu xəstəliyə yoluxması, dövlətlərə dəyən hələ ki, miqyası müəyyənləşməyən böyük ziyan bir daha bu epidemiyanın yaratdığı təhlükənin nə dərəcədə təhlükəli və ciddi olduğunu təsəvvür etməyə imkan verir. Pandemiyanın nə vaxt qurtaracağı, necə inkişaf edəcəyi ilə bağlı heç bir proqnoz səsləndirmək mümkün deyil, eyni zamanda, bu virusa qarşı təyin olunmuş, sınaqdan keçirilmiş hər hansı tibbi metod, vaksin mövcud deyil. Bu da şübhəsiz ki, vəziyyəti daha da mürəkkəbləşdirir.

Azərbaycan koronavirusa qarşı mübarizədə dünyada öncül dövlətlərdən biridir. Ölkəmizdə bu virusun yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər örnək təşkil edir və uğur formulu kimi qəbul olunur. Bilirsiniz ki, Azərbaycan bu virusun dünyada hələ indiki qədər geniş yayılmadığı başlanğıc mərhələdə dərhal preventiv tədbirlər görməyə başladı, çevik və önləyici qərarlar qəbul etdi. İlk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edən ölkəmiz təşkilatın tövsiyələrini nəzərə alaraq, eyni zamanda, tərtib olunan tədbirlər planını uğurla yerinə yetirərək çox operativ və çevik fəaliyyət göstərib. Qəbul olunan qərarlar situasiyaya tamamilə adekvat olub və uğurlu nəticələr verib. Prezident İlham Əliyevin Sərəncamı ilə cari ilin əvvəlində yaradılan Nazirlər Kabineti yanında Operativ Qərargah səmərəli fəaliyyət göstərib. Bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkə ərazisində kütləvi tədbirlərin təxirə salınması, sosial təcridlə bağlı xüsusi rejim, daha sonra isə xüsusi karantin rejiminin və nəhayət, ölkədə hərəkət məhdudiyyətinin tətbiq olunması, nəticə etibarilə, Azərbaycanda bu virusun daha geniş yayılmasının qarşısının alınması istiqamətində uğurlu nəticələr verib. Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejim tətbiq edilməsəydi, bu gün başqa təhlükəli vəziyyət yarana bilərdi. Azərbaycan dövlətinin əsas məqsədi ondan ibarətdir ki, insanlarımız bu xəstəliyə yoluxmasın, vətəndaşlarımızın sağlamlığı qorunsun və bu virusun yaratdığı fəsadlar aradan qaldırılsın.

Digər mühüm məqam pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması istiqamətində görülən tədbirlərlə əlaqədardır. Prezident İlham Əliyev müşavirədə bu mühüm məsələyə diqqət çəkdi, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması istiqamətində görülən sistemli və koordinasiyalı işlərin xüsusi əhəmiyyətinə toxundu. Bu gün iqtisadi böhrandan əziyyət çəkən əksər ölkələr beynəlxalq maliyyə institutlarına, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına borc üçün müraciət etdikləri halda Azərbaycan özünün güclü maliyyə imkanları hesabına xarici şokların təsirlərini aradan qaldırmağa qadir dövlətdir. Respublikamızın strateji valyuta ehtiyatları – güclü "təhlükəsizlik yastığı" makroiqtisadi sabitləşdirmə, iqtisadi fəallığın qorunub saxlanması və dayanıqlı iqtisadiyyatın inkişafı üçün möhkəm təminat yaradır. Hesab edirəm ki, Azərbaycan postpandemiya dövründə də atacağı addımlarla ölkəmizin sabit, dinamik inkişaf meyillərinin qorunmasına nail olacaqdır.

- Azərbaycan Respublikası Milli Məclisi bu istiqamətdə hansı addımları atır?

- Ölkəmizdə əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən işlər çərçivəsində Milli Məclis tərəfindən də bir çox tədbirlər həyata keçirilir. Bu kontekstdə parlamentin komitə və komissiyalarının iclaslarının, Milli Məclis Aparatının və İşlər İdarəsinin toplantılarının keçirilməsi müvəqqəti dayandırılıb, idarəetmə yalnız telefon (selektor), mobil və internet rabitəsi vasitəsilə həyata keçirilir. Həmçinin Milli Məclis deputatlarının və əməkdaşlarının ezamiyyətləri və xarici ölkələrə səfərləri, parlamentdə vətəndaşların qəbullarının keçirilməsi müvəqqəti dayandırılıb. Milli Məclis deputatlarının köməkçiləri isə seçki dairələrində seçicilər ilə birbaşa təmasda olmadan onların müraciətlərini internet və telefon rabitəsi vasitəsilə qəbul edirlər.

Milli Məclisin inzibati binalarında insanlar arasında birbaşa təması məhdudlaşdırmaq, idarəetməni mobil və internet rabitəsi vasitəsilə həyata keçirmək məqsədilə parlament rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri arasında, Milli Məclisin rəhbərliyi ilə parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri arasında, Milli Məclisin rəhbərliyi ilə yeni seçilən deputatlar arasında, habelə Milli Məclisin rəhbərliyi ilə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb. İlk dəfə olaraq Milli Məclisin rəhbərliyi ilə komitə sədrlərinin internet üzərindən videokonfransı keçirilib, növbəti plenar iclasın gündəliyi və cari məsələlər videokonfrans üsulu ilə müzakirə olunub.

Həmçinin Milli Məclisin komitə iclasları da videokonfrans vasitəsilə onlayn keçirilir. Milli Məclisin martın 30-da və aprelin 9-da keçirilən plenar iclasları koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində müəyyənləşdirilmiş müvafiq qaydalara uyğun keçirilib.

Milli Məclisin iclasında ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində İnzibati Xətalar və Cinayət məcəllələrinə əhəmiyyətli dəyişikliklər edilib. Həmçinin "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna və "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Qanuna müvafiq dəyişikliklər edilib.

- Çox təəssüf ki, ölkəmizdə kiçik bir siyasi marginal qrup var ki, onlar Azərbaycan hökumətinin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində gördüyü sosial təcrid tədbirlərini siyasiləşdirir, məsələni manipulyasiya edərək başqa cür təqdim etməyə çalışırlar. Siz bu cür cəhdlərlə bağlı nə düşünürsünüz?

- Əlbəttə, indiki həssas və çətin məqamda, Azərbaycan dövlətinin bütün mümkün resursları bu virusun yayılmasının qarşısının alınmasına səfərbər etdiyi zamanda bu mövzuda siyasi manipulyasiya etmək, görülən səmərəli tədbirləri qeyri-adekvat təqdim etmək qətiyyən yolverilməz və qəbulolunmazdır. Bu cür cəhdlər hər hansı bir siyasi təşkilat və qrupa başucalığı gətirmir. Hesab edirəm ki, Azərbaycan xalqı, cəmiyyətimiz də məsələni məhz bu cür qiymətləndirir, ictimai rəyi yanıltmaq cəhdlərini qətiyyətlə pisləyir.

İndi internet dövrü, texnologiyalar, informasiya əsridir. İstənilən bir dövlətdə baş verən hər hansı hadisə çox qısa zamanda dünyanın hər yerində xəbərə çevrilir, cəmiyyət ondan xəbərdar olur. Bu gün koronavirus pandemiyasının dünyanın ən inkişaf etmiş dövlətlərində belə yaratdığı ağır fəsadlar hamıya bəllidir. Eyni zamanda, bu dövlətlərin həyata keçirdiyi təcrid və məhdudlaşdırma tədbirləri ilə bağlı hər birimiz məlumatlıyıq. Ona görə də insanları "feyk" bəyanatlarla, yalan iddialarla aldatmaq, çaşdırmaq mümkün deyil.

Hər bir vətəndaşımız əmin olsun ki, Azərbaycan dövləti bütün imkanlarını bu epidemiyanın yayılmasının qarşısının alınmasına və onun fəsadlarının aradan qaldırılmasına səfərbər edib. Bu təhlükəli virusa qarşı mübarizədə hər bir vətəndaşımızın üzərinə çox böyük məsuliyyət düşür. Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, dövlətimiz və xalqımız bu ağır sınaqdan az itkilərlə çıxsın və vətəndaşlarımızı maksimum dərəcədə qoruya bilək. Hər birimiz vəziyyətin son dərəcə ciddi olduğunu anlamalı, vətəndaş məsuliyyəti nümayiş etdirərək sosial təcrid tədbirlərinə, karantin rejiminə əməl etməklə özümüzü və yaxınlarımızı qorumalı, bu pandemiyanın təsirlərinin və fəsadlarının daha qısa müddətdə aradan qaldırılmasına yardımçı olmalıyıq.

- Ötən həftə Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı müzakirə olundu və qəbul edildi. Bu hesabatla bağlı nə deyə bilərsiniz?

- Əvvəla, onu deyim ki, ölkədə yaranmış epidemioloji vəziyyət səbəbindən və Nazirlər Kabinetinin təxirəsalınmaz problemlərlə məşğul olması ilə əlaqədar Azərbaycan Hökumətinin hesabatı videokonfrans şəklində təqdim olundu. Hesabatda Nazirlər Kabinetinin ötən ildə fəaliyyəti haqqında geniş və əhatəli məlumatlar öz əksini tapıb. Strukturu, zəngin analitik informasiyaları və geniş məzmunlu təhlilləri ilə diqqət çəkən hesabatın kifayət qədər peşəkarlıqla hazırlandığını söyləyə bilərik. 2019-cu ildə Azərbaycanın böyük uğurlar qazandığını nəzərə alsaq, o zaman bu nailiyyətlərin əldə olunmasında və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müəyyənləşdirilən vəzifələrin uğurlu icrasında təbii ki, Azərbaycan Hökumətinin də rolunu qeyd etməliyik. 2019-cu ildə ölkəmizdə davamlı inkişaf meyillərinin, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlılığının qorunması, milli iqtisadiyyatımızın rəqabətqabliyyətliliyinin və ixracyönümlülüyünün təşviq olunması, müasir sənayeləşmə siyasətinin uğurla həyata keçirilməsi, aqrar sahənin, o cümlədən qeyri-neft sektorunun uğurlu inkişafının təmin olunması və bu kimi digər prioritetlərin həyata keçirilməsində, sosial müdafiə tədbirlərinin genişləndirilməsində Azərbaycan Hökumətinin müsbət rolu mütləq qeyd olunmalıdır. Ona görə də Milli Məclisdə hesabatın müsbət qiymətləndirilməsi tam obyektivdir və adekvatdır.

Digər tərəfdən, bilirsiniz ki, Azərbaycan Hökuməti ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir, gərgin qrafiklə işləyir. Hökumətin və Operativ Qərargahın gördüyü tədbirlər ölkə ictimaiyyəti tərəfindən təqdir olunur və bu da düşünürəm ki, haqlı əsaslara malikdir.

- Sahibə xanım, aprelin 10-da Bakıda Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Bu beynəlxalq tədbirdə dünyada və regionda cərəyan edən mühüm hadisələr müzakirə olundu. Siz, bu görüşün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Bakıda Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi tarixi hadisə kimi qiymətləndirilməlidir. Türk Şurası dünya miqyasında ilk təşkilatdır ki, koronavirus pandemiyasına həsr olunmuş belə bir Zirvə görüşü keçirir. Bizim üçün çox sevindirici məqamlardan biri ondan ibarətdir ki, bu beynəlxalq tədbirin təşəbbüsü möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən irəli sürülüb və dərhal da üzv dövlətlərin rəhbərləri tərəfindən müsbət qarşılanıb. Bu, ilk növbədə, Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə, onun təşəbbüslərinə yüksək hörmət və etimadı göstərir. Eyni zamanda, təşkilat daxilində mövcud olan yüksək həmrəyliyin, ortaq mövqedən hərəkət etmək istəyinin də bariz nümunəsidir. Bu da təbiidir, çünki Türk Şurasına üzv ölkələri ortaq soykök, tarixi, mədəni dəyərlər birləşdirdiyi kimi, müasir mərhələdə də birgə mövqe ortaya qoymaq, xalqlarımızın inkişafı naminə ortaq tədbirlər həyata keçirmək üçün kifayət qədər ciddi əsaslar və imkanlar mövcuddur.

Türk Şurasına üzv ölkələr arasında münasibətlərin inkişafını şərtləndirən mühüm məqamlardan biri də bu gün sözügedən geosiyasi məkanda mövcud olan iqtisadi resurslardır, enerji resursları və kommunikasiya imkanlarıdır. Həyata keçirilən layihələr, üzv ölkələrin geniş iqtisadi potensialı və səyləri gələcək mərhələdə də əlaqələrin dinamikasına müsbət təsir göstərəcək. Mövcud imkanlardan daha geniş istifadə olunması, nəqliyyat daşımalarının artması, idxal-ixrac əməliyyatlarının genişləndirilməsi ölkələrimizin iqtisadiyyatına da böyük töhfələr verəcək.

Ümumiyyətlə, Türk Şurasının dostluq, qardaşlıq təməlləri üzərində qurulması təşkilatın daha uğurlu fəaliyyətinə geniş imkanlar yaradır. Hazırda Türk Şurasına üzv dövlətlər arasında səmərəli münasibətlər, əməkdaşlıq əlaqələri dinamik inkişaf tempinə malikdir. Bunun da nəticəsidir ki, Türk Şurasının dünyadakı mövqeləri və rolu getdikcə daha da artır. Xüsusilə, ölkəmizin sədrliyi dövründə təşkilatın beynəlxalq miqyasda rolunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb və bu sahədə görülən uğurlu işlərin nəticələri üzv dövlətlərin rəhbərləri tərəfindən də yüksək qiymətləndirilir.

Beləliklə, hesab edirik ki, Azərbaycan dövlətinin başçısının təşəbbüsü ilə keçirilən bu Zirvə görüşü məhsuldar olmaqla yanaşı, beynəlxalq ictimaiyyətə də mühüm mesajların ünvanlandığı vacib bir platformaya çevrildi.

- Sahibə xanım, aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Sizinlə söhbətimizdə də müşavirə ilə bağlı müxtəlif məsələlərə toxundunuz. Yekunda bir daha müzakirə olunan məsələlər, qarşıda duran vəzifələr və prioritetlərlə bağlı sizin fikirlərinizi öyrənmək istərdik.

- Artıq qeyd etdiyimiz kimi, müşavirədə Prezident İlham Əliyev 2020-ci ilin ilk rübündə ölkəmizdə, o cümlədən dünyada baş verən hadisələri, qarşıda duran məsələləri geniş təhlil etdi, ölkə həyatının bütün istiqamətləri üzrə əldə olunan nailiyyətləri, prioritet vəzifələri diqqətə çatdırdı. Hesab edirəm ki, bəşəriyyət üçün çox ağır keçən, ciddi sınaqlarla üzləşdiyimiz bir vaxtda, 2020-ci ilin ilk rübü ölkəmiz üçün uğurlu olub, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə mühüm nailiyyətlər əldə olunub. Ölkəmizin sabit inkişafını davam etdirməsi, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi bir daha Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasətin uğurlu, strateji nəticələr verdiyini, reallaşdırılan islahatların Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri yaratdığını göstərir.

Dövlətimizin başçısı, həmçinin Azərbaycanın demokratik inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, islahatlar və digər mövzularda mühüm mesajlar verdi. Azərbaycan Respublikasının Milli Məclisi də dövlətimizin başçısının çıxışında yer alan mühüm məsələləri öz fəaliyyətində daim diqqət mərkəzində saxlayaraq ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi, islahatların dərinləşməsi istiqamətində də üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışacaqdır.

- Sahibə xanım, geniş müsahibəyə görə təşəkkür edirik.

- Sağ olun!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi