Modern.az

Qarabağ BMT idarəçiliyinə verilsin - Amerikalı diplomat

Qarabağ BMT idarəçiliyinə verilsin - Amerikalı diplomat

3 Avqust 2020, 23:45

Hərbi toqquşma təmas xəttində deyil, Ermənistanla Azərbaycan arasındakı sərhəddə baş verib. Niyə indi olub, cavablandırılmamış əsas sual budur.

Modern.az xəbər verir ki, bu sözləri ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Riçard Hoqland “Amerikanın səsi” radiosuna verdiyi müsahibədə Ermənistan-Azərbaycan sərhədində yaşanan son hərbi eskalasiyasını şərh edərkən söyləyib.

Hoqland ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kasprşiklə qeyri-rəsmi söhbət etdiyini bildirib:

“Hazırda onlar gərginlik zonasında müşahidə missiyası həyata keçirə bilmirlər. Minsk Qrupu gərginliyi azaltmaq və status-kvoya qayıtmaq üçün çox səy göstərib. Ancaq mən hiss edirəm ki, o, problemi həll etmək iqtidarında deyil”.

Keçmiş vasitəçi-diplomat hesab edir ki, Minsk Qrupu ən xoş niyyətlə, münaqişəyə cəlb olunan tərəflərin və Rusiya kimi böyük bir dövlətin dəstəyi ilə belə problemi yoluna qoya bilməz. O, Dağlıq Qarabağa dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, bir sıra həllər təklif edən “Madrid prinsipləri”ini mövcudluğunu xatırladıb.

“Hətta Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirmişdi ki, bu vaxtadək tərəflər məsələni qarşılıqlı kompromislər əsasında həll etməyə hazır deyil. Belə vəziyyət davam edəcək və təəssüf ki, vətəndaş cəmiyyətləri də buna cəlb oluna bilər”, - deyə amerikalı diplomat xəbərdarlıq edib.

Doğrudur, sabiq səfir əl yeri də qoyur və bildirir ki, bu, onun şəxsi nöqteyi-nəzəridir:

“Şəxsən mən hesab edirəm ki, məsələ BMT-nin probleminə çevrilməlidir və yeganə yol Dağlıq Qarabağı qeyri-müəyyən müddətə BMT protektoratı altına verməkdir. Gələcəkdə, illər sonra, emosiyaların soyuduğu zaman hər iki tərəf BMT-nin rəhbərliyi altında gələcəklə bağlı öz istəklərini ifadə edə biləcəklər”.

Qarabağ münaqişəsinin həllində Rusiyanın roluna toxunan Hoqland hesab edir ki, Rusiyanın konfliktin səbəbkarı olduğunu iddia etmək məsuliyyətsizlik olardı:

“Ancaq dayanıb geriyə baxsaq, bir sıra açıq-aydın halları görəcəyik. Birincisi, Rusiya Prezidenti Vladimir Putin əvvəllər SSRİ-nin dağılmasının ötən əsrin ən böyük fəlakəti olduğunu söyləyib. O, vaxtaşırı postsovet məkanı ölkələrinin – güman ki, Ermənistan və Azərbaycanın da - Rusiyanın xüsusi diqqət mərkəzində olduğunu bəyan edir. Şərti olaraq bu zonanı həll olunmamış münaqişələrin bol olduğu imtiyazlı bölgələr adlandıra bilərik. Şəxsi fikrim belədir ki, Rusiya həqiqətən də bu münaqişəni həll etmək istəsəydi, yəqin ki, bu istiqamətdə daha fəal addımlar atardı”, – sabiq həmsədr vurğulayıb.

Türkiyənin Qarabağ tənzimlənməsində rolundan danışan Hoqland Ankaranın birbaşa münaqişəyə cəlb olunmasına dair heç bir dəlil-sübutun olmadığına diqqət çəkib:

“Əlbəttə, biz hamımız bilirik ki, Azərbaycan və Türkiyə yaxın müttəfiqdir, lakin Ermənistan və Rusiya da müttəfiqdir. Bölgədə bu vəziyyətdən bəhrələnə biləcək başqa aktorlar var”, - deyə amerikalı diplomat sonda əlavə edib.

Əlavə edək ki, Dağlıq Qarabağın BMT idarəçiliyinə verilməsi Azərbaycan tərəfdən bölgənin bəri başdan mübahisəli ərazi kimi tanınması anlamına gələrdi. Ondansa BMT TŞ elə özünün 27-28 ildir kağız üzərində qalan və erməni işğalçı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələrinin icrasına nail olsa, daha məntiqlidir.

Hər halda, biz 80-ci illərin sonunda Dağlıq Qarabağda Arkadi Volskinin rəhbəri olduğu xüsusi idarəçiliyin nə ilə bitdiyinin şahidi olmuşuq. Bölgənin Azərbaycanın nəzarətindən çıxarılması erməni separatçılarını daha da şirnikləndirdi və azğınlaşdırdı, nəticə etibarilə işğal rejimi uzandı... (Musavat.com)

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır