Azərbaycanda hər il minlərlə gənc ali məktəblərə qəbul olunsa da, onların bir hissəsi təhsilini başa vurduqdan sonra seçdiyi ixtisas üzrə işləyə bilmir. Əmək bazarının tələblərinin dəyişməsi, bəzi ixtisaslara marağın azalması və yanlış ixtisas seçimi nəticəsində məzunların peşmançılığı son illər daha çox müzakirə olunan məsələlərdən birinə çevrilib.
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Modern.az-a danışıb.
Ekspert bildirib ki, abituriyentlər ixtisas seçərkən ilk növbədə dövrün tələblərini nəzərə almalıdırlar:
"Ümumiyyətlə, ali təhsil müəssisəsinə müraciət edən gənclərə əsas tövsiyəmiz dövrün tələbinə uyğun olan ixtisasları seçmələridir. Bəzi qeyri-perspektivli ixtisasları seçmək heç də məqsədəuyğun hesab olunmur. Bu gün restoranlarda ofisiant, mağazalarda satıcı kimi çalışan ali təhsilli şəxslərin böyük əksəriyyəti vaxtilə perspektivli olmayan ixtisasları seçən və həmin ixtisas üzrə bilik və bacarıqlarını lazımi səviyyədə mənimsəyə bilməyən insanlardır. Nəticədə onlar öz ixtisasları üzrə əmək bazarına qoşula bilmirlər".
Onun sözlərinə görə, bu problemlə daha çox aşağı bal toplayan abituriyentlər üzləşirlər:
"Aşağı bal toplayan gənclər arzuladıqları ixtisasa qəbul oluna bilmirlər və məcbur qalıb başqa ixtisasları seçirlər. Birinci ixtisas qrupunda bəzi mühəndislik istiqamətləri, geodeziya, maşın mühəndisliyi, eləcə də bəzi kənd təsərrüfatı ixtisaslarını seçirlər. Sonradan həmin ixtisası sevmirlər, yaxşı mütəxəssis ola bilmirlər və əmək bazarında problemlə üzləşirlər. Baxırsan ki, inşaat mühəndisliyini bitirib, amma bu gün öz sahəsində işləyə bilmir, satıcı və ya ofisiant kimi fəaliyyət göstərir".

R.Nurəliyev hesab edir ki, bəzi hallarda universitetə qəbul olunmaq əvəzinə peşə təhsilini seçmək daha doğru qərar ola bilər:
"Mən bəzi gənclərə deyirəm ki, əgər balın yalnız meşəçilik və ya şərabçılıq kimi ixtisaslara çatırsa, bəlkə dörd il universitetdə oxumaqdansa, peşə təhsilinə və ya kollecə gedəsən. Orada subbakalavr dərəcəsi alıb gələcəkdə daha perspektivli istiqamətə yönəlmək mümkündür. Bu gün inkişaf etmiş ölkələrdə, xüsusən Almaniyada peşə təhsili bəzi ali təhsil ixtisasları ilə ciddi rəqabət aparır. Hesab edirəm ki, Azərbaycanda da bu istiqamətdə dəyişiklik olacaq".
Ekspert bildirib ki, cəmiyyətdə "nəyin bahasına olursa-olsun ali təhsil almaq" düşüncəsi dəyişməlidir:
"Bu psixologiya valideynlərdən və cəmiyyətdən silinməlidir. "Nə ixtisas olursa olsun, təki ali təhsil olsun" yanaşması düzgün deyil. Məhz buna görə də gələcəkdə həmin gənclər əmək bazarında ciddi problemlərlə üzləşirlər və karyeraları zərbə alır".
Ramin Nurəliyev xaricdə təhsil alan bəzi gənclərin də eyni problemlə qarşılaşdıqlarını deyib:
"Attestatla xarici universitetlərə gedənlərin bir qismi təhsilini başa vura bilmir, bir qismi isə bitirsə də, əmək bazarında çətinlik yaşayır. Məsələn, Azərbaycanda aşağı bal toplayan bir gənc Türkiyədə mühəndislik oxumağa gedir, amma seçimi düzgün olmadığı üçün nə təhsilini uğurla başa vura bilir, nə də sonradan peşəkar mütəxəssis olur".
Ekspert əlavə edib ki, süni intellekt dövründə ixtisas seçimi daha da həssas məsələdir:
"Artıq süni intellekt dövrüdür və bir çox peşələr dəyişəcək. Amma bir həqiqət var: hansı ixtisası seçməyindən asılı olmayaraq, o sahənin ən yaxşı mütəxəssisi olsan, əmək bazarında yerini qoruyacaqsan. Ən peşəkar olmayanlar isə zamanla bazardan sıxışdırılıb çıxarılacaq".