ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDD) məcburi köçkünlər arasında genişmiqyaslı sorğu layihəsinin icrasına başlayıb.
Modern.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir.
Layihənin məqsədi məcburi köçkünlərin sosial-iqtisadi və demoqrafik vəziyyətinə dair geniş məlumat bazasının formalaşdırılması, həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin planlaşdırılması və qərarqəbuletmə prosesinin etibarlı məlumatlarla təmin edilməsinə töhfə verməkdir.
Sorğu zamanı məcburi köçkünlərin məşğulluq vəziyyəti, peşə bacarıqları, təhsil səviyyəsi, rəqəmsal savadlılığı və elektron xidmətlərdən istifadə imkanları da qiymətləndiriləcək.
Layihə çərçivəsində iyunun 30-dan iyulun 2-dək sorğuçular üçün xüsusi təlim proqramı təşkil edilib. Təlimlərdə iştirakçılara layihənin məqsədi, sorğu metodologiyası, müsahibə texnikaları, etik prinsiplər və məlumatların keyfiyyətinə nəzarət mexanizmləri barədə nəzəri və praktiki biliklər verilib. Təlimlərin əsas məqsədi sorğuçuların sahə işlərinə peşəkar hazırlığını təmin etmək olub.
Təlim mərhələsinin başa çatmasından sonra ölkənin müxtəlif bölgələrində məcburi köçkünlər arasında sorğular keçiriləcək və geniş həcmdə məlumat toplanacaq.
Qeyd olunub ki, əldə ediləcək məlumatların Böyük Qayıdış Proqramı çərçivəsində gələcək qərarların qəbulu və yeni proqramların hazırlanması üçün mühüm analitik baza rolunu oynayacağı gözlənilir.