Xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi açıqlama Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə yeni impuls verib. Nazir bildirib ki, ABŞ və Ermənistan arasında razılaşdırılan TRIPP ("Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu") layihəsi çərçivəsində dəhlizin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsində fiziki tikinti işlərinə bu ilin sonunadək başlanılması gözlənilir. Açıqlama fonunda layihənin təkcə nəqliyyat infrastrukturunun inkişafı deyil, həm də Cənubi Qafqazın geosiyasi və geoiqtisadi mənzərəsinə mümkün təsirləri yenidən müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan hər bir addımı xalqımız səbirsizliklə gözləyir və müsbət qarşılayır.
"ATƏT-n fəaliyyətdə olan sədri ilə görüşdə, xarici işlər nazirinin bu ilin sonuna qədər Ermənistandan keçən 42 km-lik hissəsində tikinti işlərinə başlanacağı barədə bəyanatı ümidvericidir. Layihənin Azərbaycan hissəsində işlər başa çatmaq üzrədir. Əfsuslar olsun ki, Ermənistanla bağlı qəti fikirlər səsləndirmək çətindir. Ermənistanın daxilində və xaricində dəhlizin əleyhinə çıxan ciddi qüvvələr var və bunların başında İranın molla rejimi durur. Bu baxımdan, düşünürəm ki, dəhlizin açılması, Vaşinqtonun qətiyyətli mövqeyindən və İranla ABŞ arasında gedən müharibənin nəticələrindən asılıdır".

Deputat həmçinin vurğulayıb ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, region dövlətlərinin iqtisadi inkişafına güclü təkan verməklə, ölkələr arasında inteqrasiya, kommunikasiya proseslərinin sürətlənməsinə səbəb olacaq:
"Nəticə etibarilə, regionun nəqliyyat və geosiyasi balansının dayanıqlı sülhün əldə olunması istiqamətində dəyişəcəkdir. Ən əsası isə Türkiyənin Azərbaycan vasitəsilə Mərkəzi Asiya Türk dövlətləri ilə birbaşa əlaqəsi yaranacaq və tarixi ədalət bərpa olunacaqdır".
Milli Məclisin üzvü onu da əlavə edib ki, dəhlizin istismara verilməsi, bilavasitə onun üzərində yerləşən bütün ölkələrə strateji üstünlük qazandıracaq:
"İlk növbədə, Azərbaycan üçün. Burada bir neçə amili nəzərə almaq lazımdır. Müvafiq infrastrukturun olması, məsafə, alternativ marşrutların mövcudluğu və s. Dəhlizin Ermənistandan keçən hissəsinin uzunluğu cəmi 42 km-dir. Bu marşrut olmasa belə, Azərbaycan alternativ, Gürcüstan və İran ərazisindən keçən marşrutlardan istifadə edir. Azərbaycanın yerləşdiyi münbit coğrafi şərait, Prezident İlham Əliyevin uzaqgörənliklə yaratdığı nəqliyat-kommunikasiya infrastrukturu, logistika siyasəti, hər zaman ölkəmizin strateji üstünlük qazanmasını şərtləndirəcəkdir", - deyə N.Məhəməliyev fikrini tamamlayıb.