İran kinosunun gənc aktrisası Məryəm Həmmətian uzun sürən xərçəng xəstəliyindən sonra Tehranda, sənətçilər üçün ayrılmış "Behişti-Zəhra" qəbiristanlığında dəfn olunub.
Modern.az xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
Bildirilib ki, 1993-cü il təvəllüdlü aktrisa xəstəliyindən "Kirpi" ("Xarpoşt") filmi üzərində çalışarkən xəbər tutub və iki il ərzində xərçənglə mübarizə aparıb. O, avqustun 2-də dünyasını dəyişib.
Məryəm Həmmətian 2013-cü ildən aktyorluq fəaliyyətinə başlayıb. O, 2016-cı ildə Məhəmmədəli Səccadi rejissorluğu ilə çəkilən "Boşan mənimlə" filmi ilə böyük ekranda debüt edib.
2019-cu ildə isə Adil Təbrizinin "Gicgah" filmində fərqli obrazla çıxış edib. "Yaşıl alça fəsli", "Qaranlıqdan yuxarı" və "Kirpi" onun nümayişə hazır olan filmləri sırasındadır.
Həmmətian 2024-cü ildə Əhməd Bəhraminin rejissorluğu ilə çəkilən "Səssiz adam" filmi ilə Şanxay Film Festivalında iştirak edib.
"Əgər Məryəm olmasaydı, "Gicgah" filmi heç vaxt çəkilməzdi", – deyə rejissor Adil Təbrizi bildirib.