Modern.az

Rusiyada ağır vəziyyətdəki azərbaycanlını Diaspor Komitəsi vətənə gətirdi

Rusiyada ağır vəziyyətdəki azərbaycanlını Diaspor Komitəsi vətənə gətirdi

Diaspor

Bu gün, 12:22

Rusiyanın Perm şəhərində yol-nəqliyyat hadisəsindən sonra ağır vəziyyətdə qalan azərbaycanlı Diasporla İş üzrə Dövlət Komitəsinin və yerli diaspor nümayəndələrinin dəstəyi ilə Azərbaycana gətirilib. Hazırda onun müalicəsi ölkədə davam etdirilir.

Modern.az-a açıqlama verən jurnalist Elçin Namazov bildirib ki, söhbət qohumlarından birinin 30 yaşlı övladından gedir. Onun sözlərinə görə, gənc təxminən üç ay əvvəl Perm şəhərində ağır yol qəzasına düşüb.

"Rusiyada ona ilkin tibbi yardım göstərildi, həyatı xilas edildi. Amma sonrakı müalicənin Azərbaycanda davam etdirilməsi zəruri idi. Ailənin həm maddi imkanları tükənmişdi, həm də vəziyyət getdikcə çətinləşirdi", – deyə o bildirib.

Jurnalistin sözlərinə görə, problemin həlli üçün əvvəlcə diaspor nümayəndələri ilə əlaqə yaradılıb. Məsələ Azərbaycan diasporunun Perm diyarındakı təmsilçilərinə çatdırılıb, xəstənin tibbi sənədləri həkimlərə təqdim olunub.

Elçin Namazov bildirib ki, sənədlərlə tanış olduqdan sonra xəstənin vəziyyətinin ağır olduğu müəyyənləşib və onun Azərbaycana gətirilməsi istiqamətində işlərə başlanılıb.

Onun sözlərinə görə, prosesə diaspor fəalları Çingiz İsayev və Zülfüqar Rəhimoğlu da qoşulublar. Xəstəyə həm təşkilati, həm də imkan daxilində maliyyə dəstəyi göstərilib.

"Daha sonra bütün zəruri sənədlər hazırlandı, aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanıldı və onun sərhəddən problemsiz keçidi təmin olundu. Azərbaycana gətiriləndən sonra bir neçə gün ağır xəstələrin yerləşdirildiyi tibb müəssisəsində müalicə aldı. Hazırda isə nevroloji xəstəxanada müalicəsi davam edir", – deyə jurnalist qeyd edib.

Elçin Namazov göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, Komitənin əməkdaşlarına və Rusiyadakı diaspor nümayəndələrinə təşəkkürünü bildirib.

Onun sözlərinə görə, məhz göstərilən operativ dəstək sayəsində ağır vəziyyətdə olan xəstənin Azərbaycana gətirilməsi və müalicəsinin davam etdirilməsi mümkün olub.

1539155

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiya şəhərlərini BOMBALAYIR - Universitet partladıldı